Accessibility links

"NeyroTex" şirkətinin görmə məhdudiyyəti olan insanlar üçün hazırladığı mini-kompüter səslə idarə edilir

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən görmə məhdudiyyəti olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini-kompüter hazırlanıb.

APA agentliyinin məlumatına görə, bu kompüteri yaratmaqda məqsəd görmə məhdudiyyəti olan insanlara İKT-dən istifadə imkanını təmin etməkdir.

Noyabrın 13-də – beynəlxalq görmə məhdudiyyəti olan insanlar günündə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə 100 ədəd sözügedən kompüter təqdim edib.

Təqdimat mərasimində çıxış edən Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qeyd edib ki, bu qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə verilməsi ilə fərqlənir. Mini-kompüter səsli əmrlər vasitəsilə, on-line rejimdə xəbər saytlarına daxil olaraq son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yaradılmış “Elektron göz” portalına (www.e-eye.az) daxil olaraq oradakı bütün informasiyaya qulaq asmaq (xəbərlər, elektron kitabxana, on-line radio və s.) kimi imkanlarla təchiz olunub.

V.Zeynalov onu da qeyd edib ki, kompüterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir. Gələcəkdə bu qurğulardan elektron tərcüməçi kimi də istifadə edilməsi nəzərdə tutulub.

«Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 100 ədəd mini-kompüter GSM nömrə və 1 illik açıq internet xətti ilə təmin olunub. Bu ilin sonunadək daha 100 ədəd analoji kompüter Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə veriləcək», - deyə Nazirlik rəsmisi bildirib.
XS
SM
MD
LG