Accessibility links

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların perspektivləri müzakirə edilib.

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycana səfəri çərçivəsində martın 5 də prezident İlham Əliyev və martın 6-da xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Rəsmi məlumatlara görə, görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra bildirib ki, Minsk qrupunun həmsədrləri bir aydan sonra yenidən regiona gələcək.

Nazir bir aydan sonra həmsədrlərin səfəri zamanı yeni formatda görüşlər keçiriləcəyini deyib. Amma, o görüşlərin hansı formatda keçiriləcəyi barədə məlumat verməyib.

ABŞ-dan olan həmsədri Robert Bradtke hesab edir ki, tərəflər arasında humanitar əlaqələri inkişafı üçün imkanlar var. “Bununla bağlı Azərbaycan və Ermənistan prezidentləri də danışıb. Onlar humanitar əlaqələr daha çox inkişaf edəcəyinə ümid verir”.

O, 2011-ci ilin dekabrında həmsədrlərin Azərbaycan-Ermənistan sərhədindən quru yolla keçdiyini xatırladıb. “Gördük ki, sərhədin hər iki tərəfində yaşayan insanlar eyni - su, enerji problemləri ilə üzləşir. İstərdik ki, eyni problemi yaşayan insanlar arasında bir əməkdaşlıq yaradaq”.

Fransalı həmsədr Jak For deyib ki, həmsədrlər balanslı nəticəyə çataq.

Rusiyalı həmsədr İqor Popov bildirib ki, münaqişənin həllinin əsas prinsipləri üzərində işin davam etdirildiyini deyib. “Sonuncu Soçi görüşündə də bu məsələ müzakirə olundu. Azərbaycan və Ermənistan prezidentləri təsdiq etdi ki, sənədin hazırlanmasının tezləşdirilməsinə hazırdırlar. Başqa bir vacib məqam isə odur ki, biz 20 il ərzində qoymadıq ki, bu münaqişə daha da qaynar fazaya keçsin”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanatla da çıxış edib. Sənəddə deyilir ki, həmsədrlər prezidentlər Sarkisyan və Əliyevlə, habelə Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə görüşüb.
Həmsədrlər prezidentlər Medvedev, Əliyev və Sarkisyanın yanvarın 23-də Soçidə verdikləri birgə bəyanatın həyata keçirilməsi üzrə planı tərəflərə təqdim edib.
Təməl Prinsipləri üzrə razılıq əldə edilməsi ilə bağlı iki prezidentin öhdəliklərinin formalaşdırılması məqsədilə həmsədrlər uzunmüddətli sülh sazişi əldə olunması çərçivəsində tərəflərə dəstək addımları təklif edib.
Həmsədrlər həmçinin tərəflərlə cəbhə xəttində hadisələrin araşdırılması mexanizminin işlənib hazırlanması məqsədilə Soçi bəyanatından irəli gələn öhdəliklərin tətbiqi ilə bağlı müzakirələr aparıb.
Həmsədrlər ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupuna etimad tədbirlərinin möhkəmləndirilməsi üzrə mexanizm işləyib hazırlamağı tapşırmaq xahişi ilə ATƏT-in hazırki sədrinə müraciət etdiklərini bildirib.
Həmçinin, həmsədrlər humanitar xarakterli məsələləri, qarşılıqlı etimadın gücləndirilməsi üçün sıravi vətəndaşlar arasında əlaqələr və region insanları arasında qarşılıqlı anlaşma məsələlərini müzakirə edib.
Həmsədrlər martın 22-də Vyanada ATƏT Daimi Şurasında səfərin nəticələri haqqında məlumat verəcək.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə öz növbəsində jurnalistlərə bildirib ki, ATƏT-in Minsk qrupunun yaranmasının 20-ci ildönümü münasibətilə konfrans keçiriləcək.
Nazirin sözlərinə görə, konfrans Avropa ölkələrinin birində keçiriləcək. “Tədbirdə Minsk qrupunun bütün üzvləri iştirak edəcək. Dağlıq Qarabağ münaqişəsinin həllində 20 ildə irəliləyişə nail olunmaması barədə müzakirələr aparılacaq”, - deyə o qeyd edib.

XS
SM
MD
LG