Accessibility links

Aralıq dənizində miqrantla dolu qayıq aşıb


Beynəlxalq Miqrasiya Təşkilatının bidirdiyinə görə, cümə günü Aralıq dənizində aşan qayıqdan 342 nəfər miqrant xilas edilib və dörd cəsəd çıxarılıb.

Günün erkən saatlarında batmağa başlayan taxta qayıqda 700-ə yaxın miqrantın olduğu güman edilir.

“Səhər tezdən qayıq SOS siqnalı göndərməyə başladı,” deyə Beynəlxalq Miqrasiya Təşkilatının Yunanıstandakı sözçüsü Kristin Nikolaidu bildirib: “Qayığın olduğu yer Kretdən 113 kilometr cənubda idi. Qayıq səfərə Şimali Afrikada başlayıb, amma dəqiq ölkə hələ də təsdiqlənməyib.”

Axtarışları davam etdirmək üçün Yunanıstanın sahil mühafizəsinin gəmisi daxil olmaqla beş gəmi və xilasetmə vertolyotu səfərbər edilib.

“Xilasetmə əməliyyatları Yunanıstan tərəfindən aparılır,” deyə Nikolaidu bildirib. Lakin o, həmçinin qeyd edib ki, Misir qüvvələri də xilasetmə işlərində əməkdaşlıq edəcək.

Miqrantlar ilk öncə Kretdə qeydiyyatdan keçəcək, amma sayları çox olduğuna görə, orada qalacaqları güman edilmir.

“Keçmiş təcrübələrə əsaslanaraq dyə bilərəm ki, onların bir hissəsi ya Afina, ya da düşərgələrə köçürüləcək. Onlar Kretdə qalmayacaq. Ən azından hamısı deyil,” deyə Nikolaidu bildirib.

Miqrantların hansı ölkədən olduğu hələ ki, təsdiq olunmayıb. Onların aqibətləri isə qaçqın olub-olmadıqlarından asılı olacaq.

Qaçqınlardan fərqli olaraq miqrantların şəxsiyyətləri müəyyən olduqdan sonra geri göndərilmə riskləri var.

Qaçqınlar isə Avropanıə digər yerlərində sığınacaq üçün müraciət edə bilərlər.

Liviyadan Yunanıstana səfər edən miqrantların əksəriyyəti nigeriyalı və qambiyalılardır. Amma ölkələrindən qaçqnların sıralarına artıq somalili və eritreyalılar da daxil olur.

Suriyalı qaçqınların əksəriyyəti Avropaya Türkiyə vasitəsilə qurudan keçsə də, ötən həftə 65 suriyalı, əfqan və pakistanlını daşıyan qayığın qarşısı Yunanıstan sahil mühafizə xidməti tərəfindən alınıb.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin verdiyi məlumata görə, ötən həftə Aralıq Dənizini keçməyə cəhd edərkən təxminən 800 miqrant ölüb.

Bununla da, 2016-cı ilin ilk beş ayında Avropaya keçməyə çalışan minlərlə miqrantdan 2 min beş yüzü həyatını itirib.

XS
SM
MD
LG