Accessibility links

Azərbaycan xarici işlər naziri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb


Elmar Məmmədyarov və Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinq

Elmar Məmmədyarov və Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinq

“Ermənistan Suriyadan olan erməni əsilli qaçqınları qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Buna Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq qurumların ciddi diqqət yetirməsi vacibdir. İşğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüquqa əsasən qadağandır”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinqlə görüşündə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində mono-etnik tərkibli dövlət kimi mövcudluğu və Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə cənab Sinqə məlumat verib.

Nazir münaqişənin həlli üzrə danışıqlar prosesində azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələlərinin müzakirə mövzusu olduğunu qeyd edərək, onların mütləq şəkildə öz ata-baba yurdlarına qayıdacaqlarını vurğulayıb. Bu xüsusda, Dünya Bankı və digər qurumlarla məsləhətləşmələrin aparıldığını qeyd edib.

Elmar Məmmədyarov müstəqilliyinin ilk illərində əlverişli coğrafi mövqeyinə görə Azərbaycanın qeyri-leqal miqrasiya üçün daha çox tranzit məntəqəsi kimi maraq kəsb etdiyi halda, əldə etdiyi iqtisadi və sosial inkişaf nəticəsində Azərbaycanın indi potensial qeyri-leqal miqrasiya üçün cəlbedici ölkə olduğunu qeyd edib. Nazir əvvəlcədən həyata keçirilən planlı miqrasiya siyasəti və bu sahədə aparılmış institusional islahatlar nəticəsində Azərbaycanda miqrasiya məsələlərinin qanun çərçivəsində effektiv şəkildə tənzimləndiyini vurğulayıb.

Müasir dünyada XİX əsrə xas formada yalnız bir etnik tərkibdən ibarət olan dövlətin qeyri-mümkün olduğunu deyən Uilyam Leysi Sinq dövlətlərin müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmalı olduqlarını bildirib.

“Bu xüsusda Azərbaycanın zəngin multikultiralizm və tolerantlıq ənənələri dünya üçün örnəkdir”, o qeyd edib.

Görüşdə son dövrlərdə Avropanı bürüyən miqrasiya problemləri, miqrantların dini mənsubiyyətə görə təsnif edilməsi, Aralıq dənizində miqrantların kütləvi ölümü halları və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Ermənistan tərəfi Azərbaycan xarici işlər nazirinin bəynataına hələ şərh verməyib.

XS
SM
MD
LG