Accessibility links

Vətəndaşlığı olmayanların problemləri müzakirə edilib [Video-müsahibə]


Vətəndaşsızlığa dair məşvərət iclası

Vətəndaşsızlığa dair məşvərət iclası

BMT QAT Bakıda konfrans keçirib. Ölkədə 4500 vətəndaşlığı olmayan şəxs var. Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan vətəndaşlığı olmayan şəxslərlə bağlı problemləri həll etməlidir. Bunun üçün BMT-nin Qaçqınlar üzr Ali Komissarlığı (QAK) hər cür yardım etməyə hazırdır. Forumda həmçinin vətəndaşlığı olmayan şəxslərlə bağlı qabaqcıl beynəlxalq və regional təcrübədən danışılıb.

Bu gün Bakıda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyasının 60 illiyi ilə bağlı səylərin birləşdirilməsi məqsədi ilə keçirdiyi “Vətəndaşsızlığa dair məşvərət” iclasında əsasən bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyinin rəhbəri, Milli Məclisin deputatı, Miqrasiya Xidmətinin təmsilçisi, qeyri-hökumət təşkilatları və ekspertlər iştirak edib.

Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyası vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunun tənzimlənməsi və təkmilləşdirilməsi üçün əsas beynəlxalq sənəddir. Konvensiya vətəndaşlığı olmayan şəxslərə dair standart rəftar üçün hüquqi çərçivəni müəyyən edir. Azərbaycan 1996-cı ildə Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyasını ratifikasiya edib.

“Azərbaycan 1998-ci ildə 250 min nəfər Ermənistandan olan (azərbaycanlılar və qeyri millətlər), 50 min nəfər Özbəkistandan olan (ahsıka türkləri) və 7 min nəfər İrandan olan (azərbaycanlılar) qaçqınlara vətəndaşlıq verib. Bu dünyada müsbət bir təcrübədir. Amma bu gün mənzərə fərqlidir. Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, ölkədə 4500-dən çox vətəndaşlığı olmayan şəxs qeydiyyatdan keçib. Bu insanlar vətəndaşsızlıq vəziyyətinə düşüb və onların sənədləri ilə bağlı problemləri var”, deyə BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson qeyd edib.

Onun sözlərinə görə, BMT QAK vətəndaşsızlıq vəziyyətində olan insanlara sənədlərin verilməsi üçün texniki və digər sahələrdə kömək etməyə hazırdır.

“Azərbaycanda vətəndaşsızlıq vəziyyətinə düşmüş insanların problemləri sistematik həll olunmalıdır. Onlar ölkədə xidmətlərdən istifadə etməlidir. İkincisi isə bu milli təhlükəsizliklə bağlı məsələdir. Minlərlə insan sənədsiz yaşayır”, o diqqətə çatdırıb.

Milli Məclisin deputatı Çingiz Qənizadə qanunvericilikdəki boşluqlarla bağlı parlamentin kömək etməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün var.

“Azərbaycan əhalisinin sayı ilə nisbətdə dünyada ən çox qaçqın və məcburi köçkün qəbul edən ölkədir. Azərbaycan tərəfi BMT qarşısında məcburi köçkünlərin statusu ilə bağlı konvensiyanın qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Amma indiyədək bu konvensiya qəbul edilməyib. Məcburi köçkünlərin çoxsaylı sosial problemlərinin həlli üçün bu konvensiyanın qəbulu vacibdir”, deputat bildirib.

Azərbaycan Miqrasiya Xidmətinin nümayəndəsi Nazim Salmanov miqrasiya qanunvericiliyi, miqrantların hüquq və vəzifələri ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2012-ci ildə ölkənin 9 regionunda maarifləndirmə seminarları keçirilib və bu tədbirlər davam etdirilir. “Yaxşı olar ki, yerlərdə miqrantlar müəyyən edilsin və müvafiq orqanlara xəbər verilsin ki, problemlər həllini tapsın”, o qeyd edib.

BMT QAK-ın eksperti Aleksand Novikau dünyada 3 milyon 400 min vətəndaşlığı olmayan şəxs olduğun deyib. Keçmiş MDB regionunda bu problemi Qırğızıstanın müsbət həll etdiyini bildirib. Belə ki, Qırğızıstan Özbəkistan olan 32 mindən çox insana vətəndaşlıq verib.

Ekspertin fikrincə, Azərbaycanda əsas çətinliklərdən biri vətəndaşlığı olmayan insanlara hər hansı sənədin verilməməsidir. Sənədi olmayan insanlar məhkəmələrə də müraciət edə bilmir.

“Hətta Azərbaycanda anadan olmuş uşaqlarına sənəd ala bilmirlər. Çünki uşağın burada anadan olmasını sübut etmək və ona doğum şəhadətnaməsi almaq üçün valideynlərinin sənədi tələb olunur”, o qeyd edib.

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Dövlət Statistika Komitəsinin vətəndaşlığı olmayan şəxslərlə bağlı məlumatı reallığı əks etdirmir.

“Hazırda ölkədə 30 mindən çox vətəndaşlıq sənədləri olmayan insan var. Bunların əksəriyyəti vaxtı ilə Ermənistandan digər ölkələrə köçüb, sonradan Azərbaycana qayıdan insanlar və onların başqa ölkələrdə anadan olan uşaqlarıdır. Gürcüstandan olan çoxsaylı insan da sənədsiz yaşayır. Belə ki, onlar Gürcüstanda “Vətəndaşlıq haqqında” qanun qəbul edilməmişdən öncə Azərbaycana köçüb və sonra ölkəsinə qayıda bilmir”.

Əliyev həmçinin Azərbaycan vətəndaşları ilə ailə qurmuş insanların sadələşdirilmiş qaydada vətəndaşlığa qəbulu məsələsinin həll olunmasını vacib sayır.

XS
SM
MD
LG