Accessibility links

Sığınacaq, sərhəd və immiqrasiya [Video-Müsahibə]


BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktoprakın Amerikanın Səsinə müsahibəsi

Avropa İttifaqının (Aİ), Avropa Şurasının və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəlikləri Avropa İnsan Hüquqları Məhkəməsi və Fundamental Hüquqlar üzrə Avropa Agentliyinin birgə hazırladığı “Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə aid Avropa qanunvericiliyi üzrə vəsait”in Azərbaycan dilinə tərcümə olunmuş versiyasının təqdimat mərasimini keçirib.

Vəsait Aİ-nin əsas maliyyə dəstəyi ilə BMqT tərəfindən həyata keçirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan dilinə tərcümə olunub. Kitab sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair müxtəlif Avropa standartları üzrə bələdçi rolunu oynayır.

Miqrasiya problemi (Foto Beynəlxalq Miqrasiya Təşkilatının saytından götürülüb)

Miqrasiya problemi (Foto Beynəlxalq Miqrasiya Təşkilatının saytından götürülüb)

Tədbirdə Avropa İttifaqının, Avropa Şurasının, BMqT-nin Azərbaycan nümayəndəliklərinin rəhbərləri, dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin təmsilçiləri, Ombudsmanın nümayəndəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin ekspertləri iştirak edib.

Dünyada miqrantların sayı artıq 250 milyonu keçib. Son 16 ildə miqrasiya prosesi zamanı yalnız yollarda 40 mindən çox insan ölüb.

“Müharibə və təhlükələr artmaqda davam edir və bu miqrantların sayının daha da artacağını göstərir. Bu baxımdan Beynəlxalq Miqrasiya Təşkilatı hökumətlərlə sərhəd-keçid məntəqələri, sığınacaqlar, qanunvericiliyin təkmilləşdirilməsi, ayrıseçkilik və başqa məsələlərin həlli ilə bağlı işlər aparır”, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktoprak bildirib.

Miqrasiya problemi (Xəritə Beynəlxalq Miqrasiya Təşkilatının saytından götürülüb)

Miqrasiya problemi (Xəritə Beynəlxalq Miqrasiya Təşkilatının saytından götürülüb)

Onun sözlərinə görə, 2015-cı ildə Avropaya 1 milyon 11 min miqrant gəlib.

“Miqrantların 55.528 nəfəri dəniz yolu ilə gəlib. 2015-ci ildə dəniz yolu ilə gələn miqrantların 5 493 nəfəri yolda ölüb və ya itkin düşüb. 2015-ci ildə qlobal səviyyədə itkin düşən miqrantların 70 faizi Aralıq dənizində itkin düşüb”, o qeyd edib.

S.Aktoprak həmçinin dünyada böyüyən miqrasiya böhranının Azərbaycana da təsir göstərdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan miqrasiya məsələlərinin həlli üzrə faydalı təcrübəyə malikdir və başqa ölkələrlə bunu bölüşə bilər.

“Azərbaycanın dünyaya nümunə ola bilən potensialı var. Bu ölkədə xarici vətəndaşa dilinə, dininin müxtəlifliyinə, dərisinin rənginə görə ksenofobiya görməmişik”.

Avropa İttifaqı Azərbaycanla viza sadələşdirilməsi və readmissiya barədə saziş imzalayıb.

“Bu, Bakı və Aİ arasında bu məsələnin uzun müddət prioritet olaraq qalacağını göstərir", Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, Aİ miqrasiya sahəsində proqramların həlli üçün Azərbaycana 2017-ci ilə qədər 3,5 milyon avro ayırıb.

“Ayrılan vəsaitin hesabına Aİ miqrasiya məsələsinin idarə olunmasının səviyyəsini yüksəltmək məqsədilə Azərbaycanın Dövlət Sərhəd Xidmətinə dəyəri 400 min avro olan texniki avadanlıq alacaq”, o qeyd edib.

M.Mard Avropa İttifaqının Azərbaycanda treninqlər və digər tədbirlər keçirəcəyini də diqqətə çatdırıb.

Miqrasiya məsələləri Avropa Şurasının Azərbaycanla əməkdaşlığında mühüm yer tutur.

Miqrasiya problemi (Xəritə Beynəlxalq Miqrasiya Təşkilatının saytından götürülüb)

Miqrasiya problemi (Xəritə Beynəlxalq Miqrasiya Təşkilatının saytından götürülüb)

“Hazırda Türkiyə, Misir, İordaniya və İraqda Suriyadan olan 4 milyon qaçqın yerləşir. Bu gün Avropa da çox ciddi miqrasiya böhranı ilə üz-üzədir. Miqrasiyaya məruz qalan günahsız insanlar əzab içərisində yaşayır. Avropaya üz tutmuş miqrantların problemləri heç də hər zaman həll olunmur. Avropa Şurası dövlətlərlə iş aparır ki, miqrant problemi Avropa İnsan Haqları Konvensiyası çərçivəsində həllini tapsın”, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Draqana Filipoviç deyib.

Onun sözlərinə görə, Azərbaycan ötən illərdə miqrantlarla, qaçqın və məcburi köçkünlərlə bağlı problemlərlə üzləşib.

“Azərbaycan hökuməti bütün bu çağırışlara yüksək səviyyədə cavab verib", D.Filipoviç bildirib.

AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi qeyd edib ki, Avropa Şurası Azərbaycanla uğurla əməkdaşlıq edir.

Azərbaycan miqrasiya məsələlərində beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Ölkə 2001-ci ildən Beynəlxalq Miqrasiya Təşkilatının üzvüdür, “Miqrasiya Məcəlləsi”ni qəbul edilib.

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev bildirib ki, Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya sazişini imzaladıqdan sonra ittifaqa daxil olan ayrı-ayrı dövlətlərlə protokolların imzalanması istiqamətində işlər aparılır.

P.Musayev bildirib ki, Azərbaycan hazırda könüllü qayıdışla bağlı yeni layihə hazırlayır. O, həmçinin readmissiya məsələlərilə bağlı Avropa İttifaqı və BMqT-nin Azərbaycanla layihələri davam etdirməsinin vacibliyini diqqətə çatdırıb.

“Elə insanlar var ki, 10-15 il bundan öncə Avropaya üz tutub. Onlar Avropada daimi yaşamaq üçün evlərini satıb, pullarını xərcləyib. Elə insanlar var ki, 10-15 il yaşamasına baxmayaraq qeydiyyata belə alınmayıb. Bu insanların geri qaytarılması problemlər yaradır. Onların olduğu dövlətlər ya onları qeydiyyata almalı, ya da vaxtında ölkəsinə qaytarmalı idi. Bu insanlara kömək edilməlidir”, o, qeyd edib.

XS
SM
MD
LG