Accessibility links

Mirhüseyn Musəvi və Mehdi Kərrubinin gizli zindana aparıldığı bildirilir


Mirhüseyn Musəvi və Mehdi Kərrubinin gizli zindana aparıldığı bildirilir

Mirhüseyn Musəvi və Mehdi Kərrubinin gizli zindana aparıldığı bildirilir

İranın nüfuzlu müxalif ruhaniləri, ayətullahlar Yusif Saneyi, Əsədullah Bayat Zəncani və Seyid Əliməhəmməd Dəstqeyb ayrı-ayrılıqda bəyanatlar yayaraq müxalifət liderləri Mirhüseyn Musavi və Mehdi Kərrubiyə təzyiqlərə etiraz bildirib

İran müxalifətinin iki həftədən çoxdur ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin gizli zindanlardan birinə köçürüldüyü barədə məlumatlar yayılıb.

“Media forum” saytının məlumatına görə, Kərrubinin oğlanlarından biri jurnalistlərə açıqlamasında atasının fevralın 24-dən 25-nə keçən gecə naməlum istiqamətə aparıldığını deyib: “Qonşularımızdan biri atamın və anamın naməlum istiqamətə aparıldığının şahidi olub. Onun dediyinə görə, fevralın 24-dən 25-nə keçən gecə evimizin qarşısında təhlükəsizlik qüvvələrinin 8 avtomobili olub. Sonra evimizin həyətindən də 1 avtomobil çıxıb və mənzilin qarşısında dayanan digər avtomobillərlə birgə məhəlləni tərk ediblər. Məhz bundan sonra evimizin işıqları da sönüb”.

Kərrubinin hazırda xaricdə yaşayan sözçüsü Müctəba Vahidi isə jurnalistlərə açıqlamasında deyib ki, bütün araşdırmalar və təxminlər Musəvi və Kərrubinin naməlum bir yerə köçürüldüyünü göstərir.

İranın nüfuzlu müxalif ruhaniləri, ayətullahlar Yusif Saneyi, Əsədullah Bayat Zəncani və Seyid Əliməhəmməd Dəstqeyb ayrı-ayrılıqda bəyanatlar yayaraq müxalifət liderləri Mirhüseyn Musavi və Mehdi Kərrubiyə təzyiqlərə etiraz bildirib.

“Media forum” saytının məlumatına görə, Yusif Saneyinin bəyanatında bildirilir ki, ev dustaqlığında saxlanan müxalifət liderləri və onların xanımları hüquqlarından məhrum edilib: “Bu şəxslərlə belə rəftar olunması onların həbsinə göstəriş verənlərin siyasi zəifliyini və çıxılmaz vəziyyətdə qaldıqlarını göstərir”.

Əsədullah Bayat Zəncaninin bəyanatında deyilir ki, Musəvi və Kərrubi inqilab və ayətullah Xomeyninin yaxın silahdaşlarından olublar: “Ölkənin indiki durumuna etiraz bildirdikləri üçün onlarla bu cür davranmaq yolverilməzdir. Təəssüflər olsun ki, vaxtilə şah rejiminin zülmünə qarşı mübarizədə ön sıralarda hərəkət edən bu şəxslərlə indi ən pis və çirkin şəkildə rəftar olunur, onlar hörmətsizliyə məruz qalırlar”.

Seyid Əliməhəmməd Dəstqeybin bəyanatında isə deyilir: “2009-cu ildə İranda keçirilmiş prezident seçkisində namizədliyini irəli sürmüş Musəvi və Kərrubi cənablarının etiraz səsləri eşidilməli, ölkədəki vəziyyətlə bağlı iddiaları tərəfsiz bir heyətdə araşdırılmalı və onlara qoyulan bütün qadağalar dərhal ləğv edilməlidir”.

XS
SM
MD
LG