Accessibility links

Miroslava Qonqadze: ABŞ hökuməti Ukrayna rəsmilərinə qarşı sanksiyalar məsələsini nəzərdən keçirə bilər


Amerikanın Səsinin Ukrayna xidmətinin əməkdaşı, tanınmış jurnalist Miroslava Qonqadzenin Azərbaycan xidmətinə müsahibəsi

Ukraynada avrointeqrasiya tərəfdarları hökumətin istefası tələbi ilə meydanda aksiyanı davam etdirir. Nümayişçilər dəyişikliyə nail olmaq üçün mübarizəni davam etdirəcəklərini və meydandan çəkilməyəcəyini deyir. Ukraynada vəziyyəti Amerikanın Səsinin Ukrayna xidmətinin əməkdaşı, tanınmış jurnalist Miroslava Qonqadze ilə müzakirə etmişik.

Dilşad Əliyarlı: Kiyevdə minlərlə avrointeqrasiya tərəfdarı meydanda qalaraq, hökumətin istefasını tələb edir. Ukrayna hökuməti müxalifəti yenidən dialoqa çağırıb. Hazırda vəziyyəti necə qiymətləndirmək olar?

Miroslava Qonqadze: Bütün bu günlər Kiyevdə etiraz nümayişləri keçirilir. Nümayişçilər inzibati idarələrin qarşısını kəsib. Hal-hazırda hökumətin fəaliyyətindən narazı olan təxminən 100-200 min insan meydana gəlir. İnsanlar sona qədər dayanmağa hazırdır. Artıq adamların çadırlar qurduğu, çadırlara istilik gətirdiyi, odun topladığı, çöl mətbəxləri yaratdığı haqda məlumatlar verilir. Onlar belə görünür, sona qədər, qələbəyə qədər orada qalmağa hazırlaşır.

Dilşad Əliyarlı: Meydana gələn insanlar kimlərdir? Onlar cəmiyyətin hansı təbəqələrini təmsil edir?

Miroslava Qonqadze: Avromeydan hadisələrini başlayanlar tələbələrdir. Bunu bilmək, başa düşmək lazımdır ki, fəal ictimai etirazla küçələrə çıxan yeni nəsil doqquz il bundan əvvəl valideynləri ilə meydanda dayanan həmin uşaqlardan ibarətdir. Onların artıq genetik hafizəsində belə fəal etiraz yolu ilə nəyə isə nail olmaq yaddaşı var. Bu gün bu etiraz hərəkatının önündə onlar gedir. Təbii ki onlara əhalinin digər təbəqələri də qoşulub. Ukraynanın demək olar bütün regionlarından insanlar buraya gəlir. Ukraynanın hər yerində böyük və kiçik şəhərlərdə Kiyevdə olduğu kimi Avromeydanlar düzəlir. İmkanları olan, maddi imkanları və cəsarəti olan insanlar birbaşa Kiyevə gəlir və orada kömək göstərir. Avromeydan çox yaxşı təşkil edilib. Burada tibbi məntəqələr var, insanlar özünü təşkilatlandıra bilib. Onlar bir-birini ərzaqla təmin edir, pul toplayır, kiyevlilər gəlib oradakılara yardım göstərir, özləri ilə yemək gətirir. Bu, təəccüb doğuracaq bir təşkilatlanmadır. Belə mürəkkəb şəraitdə, hakimiyyət onların arzusunu əllərindən aldığı bir zaman insanların belə birləşə bilməsi olduqca böyük təəccüb doğurur.

Dilşad Əliyarlı: Müxalifətin aksiyalarda rolu nədən ibarətdir? Müxalifətin hansı ideyaları var?

Miroslava Qonqadze: Hadisələrin başlanğıcında, iki həftə əvvəl, iki meydan var idi, bunu qeyd etmək lazımdır. Biri Müstəqillik meydanındakı ictimai meydan, o biri isə küçənin sonunda Avropa meydanındakı siyasi meydan. Bir məqamda həm müxalifət, həm də ictimai təşkilatçılar belə qərara gəldi ki, ayrı-ayrı dayanmaq olmaz, səyləri birləşdirmək lazımdır. Hazırda müxalifət liderləri Vitali Kliçko, Arseni Yatsenyuk, Oleq Tarnıbok və bütün başqa müxalifət liderləri meydandadır. Ukrayna musiqiçiləri, müğənnilər də meydanda böyük fəalllıq göstərir. Onlar gecələr orada insanlarla qalır, mahnı oxuyur, onları ruhlandırır. Əhalinin bütün fəal təbəqələri hazırda orada, meydandadır.

Dilşad Əliyarlı: Ukrayanın özündə hadisələr necə işıqlandırılır?

Miroslava Qonqadze: Bu da maraqlı bir faktordur. Sosial medianın insanların təşkilatlanmasında böyük rolun oldu. İnsanlar internetdə Facebook, Twitter, YouTube, VKontakte, müxtəlif sosial media vasitələrilə toplaşırdı. Bütün sosial medai vasitələri insanların mobilizə edilməsinə cəlb edilmişdi. İnternerdə televiziyalar yarandı. Kiyev və başqa şəhərlərin küçələrindəki bu ictimai etirazı işıqlandırmağı özünün vəzifəsi hesab edən jurnalistlər meydandan, etiraz aksiyalarından birbaşa canlı proqramlar hazırlamağa başladılar. Bir neçə gün keçdikdən sonra böyük tele-şirkətlər bu haqda danışmamağın mümkün olmadığını başa düşəndə onlar da prosesə qoşuldu. Hazırda Ukraynanın media vasitələri meydanda baş verənləri işıqlandırır. Təbii ki onlar hadisələri müxtəlif şəkildə, fərqli bucaqdan işıqlandırır. Dünyanın başlıca media şirkətləri və qəzetlərinin nümayəndələri də oradadır. Amerikanın milli radiosu, CNN şirkətinin orada müxbiri var, Amerikanın Səsinin üç müxbiri orada işləyir. Meydan hadisələri mənim fikrimcə, açıq və doğru şəkildə işıqlandırılır.

Dilşad Əliyarlı: Beynəlxalq ictimiayyət hadisələri diqqətlə izləyir. ABŞ Dövlət katibinin yardımçısı Viktoriya Nuland Amerikanın Ukrayna xalqına dəstəyini ifadə edib. Eyni zamanda, o xəbərdarlıqla çıxış edib və deyib ki, Ukrayna yol ayrıcındadır. Ukraynanı nə gözləyir?

Miroslava Qonqadze: ABŞ uzun müddətdir Ukraynaya diqqət vermirdi. Ukrayna sanki Avropa və Rusiya arasında bir ucqar region, bufer zonası kimi qalmışdı. Ukraynada belə bir fikir yaranmışdı ki, ABŞ Ukraynanı Rusiyanın öhdəsinə qoyub. Bu yaxınlarda ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndələri ilə görüşüm oldu və mənə elə gəlir ki, Birləşmiş Ştatlar artıq Ukrayna ilə məşğul olmağa başlayıb. ABŞ Ukraynanın Mərkəzi Avropada mühüm bir ölkə oldğunu anlayır. İndi Dövlət Departamentində artıq Ukrayna hökumətinin güzəştə getmədiyi, meydanda dayanan insanların tələblərinin heç olmasa bir hissəsini yerinə yetirmədiyi halda ABŞ-ın Ukraynaya qarşı sanksiyalar tətbiq etməyə hazır olduğu haqda fikirlər səslənir. Söhbət Ukrayna hökumətində müəyyən şəxslər, prezident və onun ailəsinə qarşı sanksiyalardan gedir. Bu sanksiyalarla hesabların dondurulması, eyni zamanda həmin şəxslərin ABŞ və Avropa ölkələrinə daxil olmasına qadağa nəzərdə tutulur. Bu informasiya indi Ukrayna hökumətinə şəxsi səviyyədə çatdırılır. ABŞ Dövlət katibinin yardımçısı Viktoriya Nuland bildiyimə görə, ABŞ-ın məsələ ilə bağlı mövqeyini Ukrayna prezidenti, hökumət başçısı və başqa rəsmilərə aydın çatdırmalıdır. Baxaq görək Ukraynanın buna reaksiyası nə olacaq. Ukrayna böyük ölkədir, burada çox sayda oliqarx var. Onlar pullarını Avropada saxlayır. Ukrayna prezidenti və hökumətdə olan insanlar da çox varlıdırlar. Onların övladları Avropada təhsil alır. Əsində onlar özləri artıq Avropada yaşayır, xalqı isə Ukraynada saxlayıb onları qul edirlər. Bundan bezmiş insanlar “yox, biz artıq belə yaşamaq istəmirik” dedilər. Buna görə də mən fikirləşirəm ki, sanksiyalar məsələsi ciddi dəlildir və ABŞ əgər sadəcə sözdə deyil, əməldə də bunu etsə, hökumət güzəştə gedə bilər.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG