Accessibility links

Misir hökümətinin sabiq islamçı prezident Məhəmməd Mursinin tərəfdarlarına qarşı güc tətbiq etməsi müsəlman ölkələrinin liderləri tərəfindən qınanılıb.

Avropa rəsmiləri hərbi dəstəklə hakimiyyətə gələn müvəqqəti höküməti və islamçı opponentləri zorakılıqlardan uzaq durmağa və siyasi dialoqa çağırıb.

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Misir təhlükəsizlik qüvvələrinin Mursi tərəfdarlarına qarşı zorakılıqları “qırğın” adlandırıb. O, BMT Təhlükəsizlik Şurasını və Ərəb Liqasını dərhal bunun qarşısını almağa çağırıb.

Türkiyə prezidenti Abdulla Gül bildirib ki, Misir hökümətinin mülki vətəndaşlara qarşı hərbi hücumu qəbuledilməzdir.

Misir rəsmiləri nümayişçilərin bəzilərinin təhlükəsizlik qüvvələrinə qarşı silahdan istifadə etdiyini deyib.

Ankara Misir hərbi qüvvələrinin sabiq prezident Mursini iyulun 3-də devirməsini kəskin tənqid edənlərdən olub.

Ordu Mursinin əleyhinə olan dünyəvi misirlilərin iradəsinə uyğun şəkildə addım atdığını bildirib.

BMT-nin baş katibi Ban Gi Munun sözçüsünün dediyinə görə, BMT rəhbərliyi Misirdəki zorakılıqları kəskin pisləyərək, hökümət rəsmilərinin islamçı nümayişçilərə qarşı güc tətbiq etməsindən təəssüfləndiyini bildirib.
XS
SM
MD
LG