Accessibility links

Ekspertlər Misirdə hakimiyyət dəyişikliyinin ABŞ-la münasibətlərə təsirini təhlil edir

Uzun müddət Misirdə hakimiyyətdə olan Hüsnü Mübarəkin keçən il inqilab nəticəsində devrilməsindən sonra ölkədə ilk dəfə olaraq demokratik seçkilər keçirilib. Seçkilərdə qalib gələn islamçı Məhəmməd Mursi keçən həftə şənbə günü Misir prezidenti kimi and içdi. Mütəxəssislər bu hakimiyyət dəyişikliklərinin Amerika ilə Misir və inqilabların baş verdiyi digər ölkələrlə münasibətlərini təhlil edir.



Keçən həftənin bazar günü, minlərlə insan Təhrir meydanında Məhəmməd Mursinin qələbəsini qeyd edib. 18 ay öncə həmin bu meydanda misirlilər Hüsnü Mübarəkin ölkəni tərk etməsi tələbi ilə inqilab etmişdi.
Vaşinqtonda Yaxın Şərq Siyasəti İnstitutunda təhlilçi Deyvid Şenker misirlilərin azad və ədalətli seçkilər keçirilməsi ilə qürur duymalı olduqlarını qeyd edərək, çətinliklərin bundan sonra başladığını deyir: “Yeri gəlmişkən, ölkədə hələ də siyasətdən və seçkili rəsmilərdən üstün bir ordu var.”

Şenker bu hakimiyyət dəyişikliyinin Birləşmiş Ştatlar və Misir münasibətlərinə təsir göstərəcəyini bildirir: “ABŞ Mursi hakimiyyətinə öz siyasi kursunu tətbiq etmək üçün bir müddət zaman verəcək və biz də öz siyasətimizi buna uyğun olaraq müəyyən edəcəyik. Biz hər il Misirə 1.5 milyard dollar veririk. Biz bunu gələcəkdə də davam etdirmək istərdik, amma mən inanmıram ki, Konqres Misirin yeni hökumətinə qeyri-müəyyən vaxta qədər bu imkani versin”.

Bir vaxtlar qadağan olunmuş islamçı partiyalar gücləndikcə, qadın haqları Qərbi narahat edən əsas məsələlərdən birinə çevrilib.

Buna baxmayaraq Misir, Tunis, Suriya, Liviya və Yəməndə bu yaxınlarda keçirilmiş Gallup sorğularının nəticələrinə əsasən, qadınlar da kişilər kimi qanunvericiliyin şəriət qanunlarına əsaslanmasının tərəfdarıdır.

Dalia Magahed, Gallup institutunda İslam Araşdırmalar Mərkəzinin baş direktorudur. “Şəriət qanunlarının heç bir rolu olmadığını düşünən kişi və qadınların sayı kifayət qədər azdır. Bu fərqliliklər Misir və Yəməndə 1-2 faiz, Tunisdə 10 faiz təşkil edir və öz növbəsində bölgədə insanların böyük əksəriyyətinin Şəriət hüququnun tətbiqi haqqında düşüncələrinin fərqli olduğunu göstərir. Tunisdə insanların çoxu şəriətin əsas qanun kimi deyil, köməkçi qanun kimi istifadə olunmasının tərəfdarıdır. Bu göstərici Misirdə yarıbayarı fərqlidir”-deyə o bildirir.

Corctaun universitetinin Müasir Ərəbşünaslıq Mərkəsində tədqiqatçı Adel İskəndər: “Geniş mənada siyasi İslam boşluqları doldurduğu üçün əhəmiyyətli rol oynayır, buna siyasi və millətçilik siyasətini aid etmək olar. Onlar müxtəlif istiqamətlərdə müvəffəqiyyətlə fəaliyyət göstərir və çox yaxşı təşkilatlanıblar.”

O, ABŞ-ın bunu izlədiyini deyir: “Belə görünür ki, Birləşmiş Ştatlar hökuməti ictimai fikirləri nəzərə almağa başlayib, belə ki, qarşılıqlı maraqlara və suverenliyə hörmətlə yanaşan demokratiyaların gətirdikləri istənilən təkliflər ABŞ üçün məqbul sayılır. Elə düşünürəm ki, bu həm də Amerikanın bölgədəki siyasətində əsaslı dəyişikliyi göstərir.”

Digər böyük dəyişiklik, regionun yeni liderlərindən gözləntilərdir. Adel İsgəndər:
“İstər Tunisdəki Ennahda, yaxud Misirdəki Müsəlman Qardaşları, ya da Liviya və başqa yerlərdəki oxşar fraksiyalar adi vətəndaşların istəklərini təmin edə bilsə, onlara qarşı uzun müddət heç bir rəqib olmayacaq.”

Məhəmməd Mursiyə təbrik zəngində president Barak Obama Birləşmiş Ştatların Misirdə demokratiyaya keçidə dəstək verməyə davam edəcəyini və inqilabın vəd etdiyi yeniliklərin gerçəkləşməsində Misir xalqı ilə çiyin-çiyinə dayanacağını deyib.
XS
SM
MD
LG