Accessibility links

Misirdə siyasi qalmaqal kütləvi aksiyalarla müşayiət olunmaqdadır


Artıq səkkizinci gündür ki, misirlilər paytaxt Qahirənin Təhrir meydanında prezident Məhəmməd Mursiyə qarşı nümayişlər keçirir. Əksəriyyətini islamçılar təşkil edən milli şura Misirin yeni konstitusiya layihəsini təsdiq edib və indi bu, ümumxalq referendumda səsverməyə çıxarılmalıdır.

Panel əsas qanun layihəsi kimi islam hüququnun prinsiplərini özündə əks etdirdiyi üçün bir neçə xristian və liberal üzvlər tərəfindən boykot olunub. Qrup dünən günorta saatlarından bu gün səhər saatlarına qədər keçirdiyi görüş zamanı 234 maddəni tələsik təsdiq edib.

Misirin ali məhkəmə orqanının bazar günü şuranın buraxılıb-buraxılmaması barədə son qərar qəbul edəcəyi gözlənilir. Ona görə, panel lahinəni tez səsverməyə qoyub təsdiqləmək üçün hərəkətə keçib.

Bir neçə gün ərzində 30 nəfərə yaxın liberal və xristian üzv paneldən imtina edib. Onlar prosesin prezident Məhəmməd Mursiyə sadiq islamçılar tərəfindən oğurlanmasını iddia edərək etiraz nümayiş etdirib.

Misir lideri özünə yeni səlahiyyətlər verib ədliyyə orqanlarının prezidentin qərarlarını mühakimə etməməsi ilə bağlı fərman çıxarması ölkədə siyasi qalmaqala səbəb olub. Dünən Məhəmməd Mursi dövlət televiziyası ilə müraciət edərək, insanlar konstitusiyaya səs verdikdən sonra fərmanın təcili qüvvədən düşəcəyini bəyan edib.

Misirli nümayişçilər prezidentin səlahiyyətləri mənimsəməsinə qəzəblənərək prezidenti diktator kimi hərəkət etməkdə günahlandırır.

Ümummilli nümayişlər zamanı iki nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
XS
SM
MD
LG