Accessibility links

Tanta və İskəndəriyyədə bomba hücumları 44 adamın ölümünə səbəb olub

Misirdə iki hücumdan sonra 3 aylıq fövqəladə vəziyyət elan edilib.

Misirin Tanta və İskəndəriyyə şəhərlərində bomba hücumları 44 adamın ölümünə səbəb olub. İŞİD-in məsuliyyətini üzərinə götürdüyü hücumlar Kopt xristianlarının kilsələrində həyata keçirilib.

Tantada 27 nəfər ölüb, 78 adam yaralanıb.İskəndəriyyədə isə 17 nəfər həyatını itirib, 41 adam xəsarət alıb.

Tantanın Müqəddəs Corc Kopt kilsəsində dağıntılar, qanlı paltarlar və bədən parçaları müşahidə edilib.

Şahidlərin dediyinə görə, partlayış ziyarətçilərin müqəddəs bazar mərasiminə toplaşdığı vaxt baş verib. Bu bazar xristianların müqəddəs bayramının başlanğıcıdır. Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İki dövlət xəstəxanasına 60-dan çox yaralı yerləşdirilib. İnsanlar yanıqlardan və qəlpə yaralarından müalicə edilir.

İskəndəriyyədə isə intiharçı hücumu həyata keçirilib. Polis intiharçının kilsə yaxınlığında özünü partlatdığını deyir.

Misir müftisi Şeyx Aləm İŞİD-in üzvlərinin əsl müsəlman olmadığını deyib.

O, İŞİD-i “kriminal terrorist qroup” adlandıraraq, hər kəsi İslamı interpretasiya edənlərin ideologiyası əleyhinə çıxmağa çağırıb.

Roma Papası Fransis hücumları qınayıb. Papaya yaxın mənbələr onun ayın sonunda Misir səfərini təxirə salmayacağını bildirib.

ABŞ prezidenti Donalt Tramp Misirin dövlət başçısı Sissiyə başsağlığı verib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG