Accessibility links

Misirdə nümayişçilər prezident sarayının ətrafına toplaşır


Misirdə prezident Məhəmməd Mursi mübahisəli konstitusiya referendumunu geri çağırmağa və keçən ay imzaladığı fərmanla özünə verdiyi geniş səlahiyyətlərin qarşısını almaqdan imtina etdiyi üçün müxalifət cümə günü insanları yenidən nümayişlər keçirməyə çağırıb.

Cümə günü Müxaliflər və prezidenti dəstəkləyən qruplar yenidən nümayişlərin növbəti günü Qahirədə prezident sarayına aparan yollara çıxıblar.

Əsgərlər bu həftə ölümcül qarşıdurmanın baş verdiyi yerdə - Qahirədəki prezident sarayının qarşısında beton divarlar və tikanlı məftillərlə barrikadalar ucaldıb.

Çümə axşamı Qahirəni bürümüş hökumət əleyhinə nümayişlərlə bağlı milli televiziyada çıxışı zamanı cənab Mursi ölkənin konstitusiya böhranını həll etməyin yeganə yolu kimi dialoqu göstərib. Müxalifət liderləri prezidentin şənbə gününə nəzərdə tutduğu “əteraflı” dialoqda iştirak etməyəcəklərini bildiriblər.

Cənab Mursi insan ölümünə və təxribatlara dözüm göstərməyəcəyini bildirib. O, prezident sarayının qarşısında yeddi nəfərin öldürüldüyünü, bu həftə baş verən nümayişlər zamanı digər 700 insanın yaralandığını bildirib. Prezident odlu silahdan istifadə olunmasına görə və baş verən cinayətlərə görə 80 nəfərin saxlanıldığını bildirib. O, həbs olunanlardan bəzilərinin “pul qarşılığında” aksiyalara cəlb olunduğunu bildirib.

Cümə axşamı ABŞ prezidenti Barak Obama cənab Mursi ilə telefonda söhbəti zamanı nümayişlər zamanı ölən və yaralananlara görə “dərin narahatlıq” hissi keçirdiyini bildirib.

Məhəmməd Mursi dekabr ayının 15-də Islamçı tərəfdarları tərəfindən keçən həftə hazırlanan konstitusiya layihəsinə qarşı səs verəcəkləri təqdirdə yeni məsləhət komissiyası yaradaraq yeni konstitusiya layihəsinin yazılmasına fərman imzalayacağını deyib. Tənqidçilər hazırkı layihənin yalnız islamçılar tərəfindən, müxalifətin təklif və rəyləri nəzərə alınmadan yazıldığını bildirirlər.
XS
SM
MD
LG