Accessibility links

Qahirə ətrafında bomba partlayışları törədilib


Misir təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, paytaxt Qahirə ətrafında yerləşən 6 Oktyabr rayonunda inşası bitməmiş telekommunikasiya binalarını hədəf alan iki bomba partlayışı törədilib. Hadisə nəticəsində bir yeniyetmə qız ölüb, onun anası yaralanıb. Hadisə qurbanları binanı mühafizə edən şəxsin qızı və həyat yoldaşı olub.

Yerli rəsmilər partlayış nəticəsində təxminən 800 adamın telefon rabitə xəttinin kəsildiyi və tele-kommunikasiyanın bərpası üzərində iş getdiyini bildirib.

Bugünkü bomba hücumlarından öncə bu həftənin əvvəli Qahirədə dörd bomba partlayışı törədilib.

Keçən il iyul ayında islamçı prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra yaraqlılar bir sıra bomba hücumları həyata keçirib. Hücumların əksəriyyəti Sinay yarımadasında baş versə də, sonradan başqa şəhərlər və paytaxt Qahirədə də davam etdirilib.

Bu ayın əvvəli Misir hökuməti bu kimi hücumların çoxu əsgərlər və polis üzvləri olmaqla təxminən 500 nəfərin ölümünə səbəb olduğunu bildirib.

XS
SM
MD
LG