Accessibility links

Məmur rüşvət alarkən yaxalanıb


Şahin Əsədovun iş otağından vətəndaşlara məxsus 100-dən çox plastik ödəniş kartları, 300-dən ödəniş kartına aid məxfi pin kod aşkarlanıb.

Məmur rüşvət alarkən yaxalanıb. Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Bakı şəhər sakini Qarifulina Ruhiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon Əmək və Əhalinin sosial müdafiəsi Mərkəzinin baş məsləhətçisi Əsədov Şahinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Qaynar xəttinə müraciəti edib.

Müəyyən edilib ki, Şahin Əsədov Ruhiyə Qarifulinanın ünvanlı dövlət sosial yardım ayrılması barədə müraciəti əsasında sonuncunun adına sosial yardımın təyini və ödənilməsi üçün ondan 450 manat pul istəyib. Sonra o, həmin puldan hər dəfə 100 manat olmaqla cəmi 200 manat pulu rüşvət kimi almaqla, cinayət əməlini davam etdirərək martın 16-da tələb etdiyi məbləğin verilməmiş qalan 250 manat puldan 200 manatını Qaradağ rayon Əmək və Əhalinin sosial müdafiəsi Mərkəzinin inzibati binasındakı xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Şahin Əsədovun xidməti iş otağına baxış keçirilərkən otaqdan ünvanlı dövlət sosial yardımın alınması üçün nəzərdə tutulan ayrı-ayrı vətəndaşların adlarına olan 100-dən artıq plastik ödəniş kartları, 300-dən artıq plastik ödəniş kartlarına aid məxfi pin kodlar və cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.

Mətbuat xidməti Şahin Əsədov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlandığını bildirir. Ş.Əsədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

XS
SM
MD
LG