Accessibility links

Amerikada kollec məzunu, hal-hazırda Misirin Qahirə şəhərində yaşayan Məhəmməd Səlim Amerikanın Səsinə müsahibə verib.


Bakhtiyar Zamanov: Uzun müddət davam edən diktatura rejimindən sonra misirlilər nəhayət ki, diktator hakimiyyəti devirməyə müvəffəq oldular. Amma Qahirənin küçələrində bu günədək nümayişlər davam edir. İctimayyətin tələbi nədən ibarətdir?

Məhəmməd Səlim: Hökumətin yeni çıxardığı konstitusiya qanunları ictimayyət tərəfindən bəyənilmir. Ona görə ki, yeni konstitusiyada ictimaiyyətin maraqlarına xidmət etməyən məqamlar var. Hökumətin yaratdığı yeni qanunlar hökumətin dövlətə nəzarəti tam və uzun müddətə əla almasına imkan verir. İnsanlar isə bunu istəmir.

Sual: Bəzi adamlar Misir inqilabını İranda 1979-cu ildə baş vermiş İslam inqilabı ilə müqayisə edir. Siz bu barədə nə düşünürsünüz?

Cavab: Xeyir, xeyr. Bu belə deyil. Misir inqilabını İran inqilabı ilə müqayisə etmək düzgün deyil. Bizim inqilabımızın məqsədi sabiq Misir prezidenti Hüsnü Mübarək hakimiyyətini devirmək idi. Buna səbəb isə ölkədə iqtisadi durum, insanların yaşayışı, təhsil və səhiyyə sahələrində problemlərin olması idi. Bu inqilabın dinlə əlaqəsi yoxdur. Bilirsiniz, burada, Misirdə bizimlə bərabər xristianlar da yaşayır və münasibətlər normaldır. Bizdə, ölkə daxilində dini problem yoxdur.


Sual: Siz inqilabdan sonra Misirə gəldiniz. İnqilabın nəticələrindən razısınızmı? Misirin parlaq gələcəyinə inanırsınızmı?

Cavab: Əlbəttə inanıram. Mən ölkənin yaşam üçün daha yaxşı yer olacağına əminəm. Amma bu bir qədər vaxt alacaq. Bütün ölkə, ictimayyət bunun uğrunda birgə mübarizə aparır. Hər kəs işləmək istəyir. Hər kəs qanuna riayət etmək istəyir. Biz, hər birimiz ölkənin inkişafında iştirak etməliyik. Ona görə də, bu gün Təhrir meydanında nümayişlər davam edir.

Sual: Qahirə şəhərində sosial həyat necədir? Gənclərin davranışında dəyişikliklər var? İnqilabdan sonra gənclərin davranışında sizin əsas müşahidələriniz nədən ibarətdir?

Cavab: Deyə bilərəm ki, Misir gəncləri indi daha nəzakətlidir, qanunun aliliyinə hörmətlə yanaşır. Polisin onları müdafiə etməsindən də əlavə, gənclər özləri, biri-birini müdafiə edir. Yəni, indi Misirdə belə bir yeni cəmiyyət yaranır – cəmiyyət üzvləri biri-birinin hüquqlarını qorumaq üçün birləşir. İnqilabdan sonra sadə misirlilər arasında əlaqələr daha da möhkəmlənib.

Sual: Prezident Mursinin hakimiyyəti dövründə sizin xoşunuza gələn və gəlməyən dəyişikliklər hansılardır. İndiki siyasi vəziyyətdə müsbət və mənfi cəhətlər nələrdir?

Cavab: Cənab Mursi prezident olandan sonra bir çox müsbət dəyişikliklər etdi. O, müdafiə nazirini vəzifəsindən kənarlaşdırdı. O, vəzifələrə yeni nazirlər təyin etdi. Məvacibləri artırdı. Korrupsiyanın qarşısını almaq yolunda işlər gördü. O, Misirin xaricdəki pullarını, sabiq prezident Hüsnü Mübarəkin mənimsədiyi pulların ölkəyə qaytarılmasına nail olmaq istəyir. Onun mənfi cəhəti isə yeni konstitusiyada səlahiyyətləri tam özündə saxlamaq üçün yeni qanunların yaradılmasından ibarətdir.

XS
SM
MD
LG