Accessibility links

Səfir Morninqstar: Azad Fikir Universitetində olmaqdan şərəf duyuram


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerika səfiri bu bəyanatı AFU-nun qapıları möhürləndikdən sonra verib. O aprelin 11-də AFU-nun bir qrup nümayəndəsi ilə görüşüb

Dünən hökumət nümayəndələrinin Azad Fikir Universitetinin (AFU) ofisinin möhürlənməsi barədə xəbərin ardınca, ABŞ-ın Azərbaycandakı Səfiri Riçard Morninqstar əvvəldən nəzərdə tutulan çıxışını etmək üçün AFU-nun bir qrup nümayəndəsi ilə görüşüb. Bu barədə Amerika səfirliyinin məlumatında deyilir.

Səfir Azad Fikir Universitetinin həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, “burada olmaqdan şərəf duyuram,” deyə bildirib.

O, qeyd edib ki, AFU demokratik islahatlar, müstəqil media, insan hüquqları və qanunun aliliyini inkişaf etdirmək yönündə yeni media vasitələrindən innovativ formada istifadəyə görə ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı Missiyası tərəfindən “2010-ci ildə İnternet vasitəsilə Söz Azadlığı üçün Səfir Mükafatı” ilə təltif olunub.

Morninqstar qeyd edib ki, səfirlik ölkəyə səfər edən rəsmilərin Azad Fikir Universitetində görüşlərini təşkil edir, çünki AFU “istənilən yaxşı universitetin kampusunda mövcud olan” faydalı müzakirələr üçün əlverişli forum təklif edir.

Suallara cavab verməzdən əvvəl səfir deyib:

“Mən Azərbaycanın dostuyam, və mən onun 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra əldə etdiyi nailiyyətlərə heyranam, lakin etirazlarda və vətəndaş cəmiyyəti hərəkatında fəal iştirak edən gənclərin saxlanılması və dindirilməsi daxil olmaqla, bu ilki etirazlara qarşı hökumətin reaksiyası məni narahat edir. Dünən axşam rəsmilər tərəfindən Azad Fikir Universiteti ofisinin bağlanılması barədə məlumatı eşitmək məni xüsusilə məyus etdi.”

“Mən inanıram ki, dinc etirazlara hörmətlə yanaşma, müstəqil və şəffaf məhkəmələr, eləcə də hökumətin vətəndaşlarla, xüsusilə də gənclərlə münasibəti onların əsaslı tələblərini cavablandırmaq üçün demokratik hökumətlərin öz fundamental sabitliyini təmin etməyin ən yaxşı və təsirli yollarıdır” o əlavə edib.

Morninqstar vurğulayıb ki, Azərbaycan regional və enerji təhlükəsizliyi sahəsində ABŞ-ın güclü və dəyərli tərəfdaşıdır, lakin regional və enerji təhlükəsizliyi demokratik və iqtisadi islahatları özündə birləşdirən daha geniş əlaqələrin bir hissəsidir.

“ABŞ-ın dünyada demokratik inkişafa dəstəyi bizim dəyərləri əks etdirir, amma, bu həm də praqmatik mülahizələrə əsaslanmışdır”.

Səfir Morninqstar sonda qeyd edib:

“Keçmiş dövlət katibi Klintonun Bakıya səfərlərinin birində dediyi kimi, bizim ən yaxın əlaqələrimiz vətəndaşlarının geniş insan hüquqlarına hörmət edən ölkələrdir.

Bizim dünyada müxtəlif çağırışların öhdəsindən gəlməyi bacaran güclü tərəfdaşlara ehtiyacımız var, eləcə də güclü demokratiyalar bizim ən güclü tərəfdaşlarımızdır”, o bildirib.

Show comments

XS
SM
MD
LG