Accessibility links

Mosul muzeyi İslam Dövləti üzvlərinin hücumuna məruz qalıb [Video]


Mosul muzeyi qrupun terror və məhv kampaniyasının hədəfinə çevrilib

Mosul İraqın zəngin mədəniyyətə və geniş dini fərqlilikləri ilə seçilən ən qədim şəhərlərindən biridir. İndi bu ənənə Mosulu öz paytaxtları elan edən İslam Dövləti üzvləri tərəfindən hücuma məruz qalıb. Mosul muzeyi qrupun terror və məhv kampaniyasının hədəfinə çevrilib. Bu isə dünya arxeoloqlarının olduqca böyük narahatlığına səbəb olub.

İslam Dövləti qrupunun üzvləri İraqın min illərdir qorunub saxlanan çox qiymətli xəzinələrini bir neçə dəqiqə ərzində dağıtdılar.

Fevral ayında yayılmış videolarda militantların Mosul muzeyindəki əsərləri çəkiclə vurub sındırdığı göstərilir. Bu hadisə Çikaqo Universitetinin Şərqşünaslıq institutunun heyəti daxil olmaqla bütün dünyada insanları sarsıdıb.

“Bu hadisədən sarsılmamaq çox çətindir. Bu, bizim uğrunda çalışdığımız hər şey üçün böyük itkidir”.

Makquir Qibson Çikaqo Universitetinin Mesopotamiya arxeologiyası şöbəsinin professorudur. O, Mosulu ziyarət edib və videoda dağıdılan bir neçə tarixi abidəni tədqiq edib.

Bəzi əsərlər orijinalın kopiyasıdır, lakin Qibson videoda İŞİD-in orijinal əsərləri məhv etdiyini düşünür. Bu abidələrdən biri 2500-dən çox yaşı olan insan başlı qanadlı öküz həykəlidir.

Sivilizasiya irsini, mədəni keçmişi dağıtmaq mədəni soyqırımıdır. Bu, şəxsiyyət hissini aradan qaldırmaqdır

“Onlar öküzlərdən birinin başını dağıdıblar, əslində bu heykəl çox yaxşı vəziyyətdə idi”.

Qanadlı öküz Şərqşünaslıq institutu tərəfindən İraqda 1920-1930-cu illərdə arxeoloji qazıntılar nəticəsində aşkar edilib.

O zaman tapılan buna bənzər daha böyük heykəl isə indi institutun muzeyində nümayiş etdirilir.

ABŞ Dövlət Departamentinin mədəni irs proqramının meneceri Laura Tedesko Mosulun dağıdılmasını Daeş kimi tanınan İslam Dövləti qrupunun təxribatı hesab edir.

“Fikrimcə, bunun arxasında bir sıra səbəb var və bu, bütpərəst kimi qəbul edilən fiqurların məhvi ilə bağlıdır. Digər səbəb isə Daeşin İraq və Suriya əhalisinə, eləcə də dünyaya qüdrətini göstərmək və onları qəzəbləndirməkdir” .

Tedeskonun işi daha çox Əfqanıstanla bağlıdır. Orada bir zamanlar Bamiyan şəhərində çoxlu buddist heykəllər mövcud idi. 6-cı əsrdə dağın bir kənarında qazılan bu heykəllər 2001-ci ildə Taliban tərəfindən məhv edilib.

“Sivilizasiya irsini, mədəni keçmişi dağıtmaq mədəni soyqırımıdır. Bu, şəxsiyyət hissini aradan qaldırmaqdır”.

Professor Qibson heykəlləri 1969-cu ildə Əfqanıstana səfəri zamanı görüb. İndi isə onlar sadəcə şəkillərdə... və onun yaddaşında həkk olunub.

“Mədəniyyət özünü yeniləyə bilmir. Mədəniyyət məhv ediləndə məhv olunur. Bu heykəllərin məhv edilməsi onların sonu deməkdir”.

Ona görə də bu hadisələrin sivilizasiyanın beşiyi olan qədim Mesopotamiyanın yerləşdiyi İraqda baş verməsi Qibsonu daha çox narahat edir.

Mədəniyyət özünü yeniləyə bilmir. Mədəniyyət məhv ediləndə məhv olunur. Bu heykəllərin məhv edilməsi onların sonu deməkdir

“Bura sivilizasiyanın yarandığı, şəhərlərin, yazının meydana gəldiyi, eləcə də sivilizasiyada yüksək dəyər verdiyimiz şeylərin yarandığı yerdir”.

Qibsonu Mosul abidələrinin dağıdılmasını göstərən videoda narahat edən bir məsələ də var. Bu da arxeoloqların qiymətsiz hesab etdiyi bu abidələrin oğurlanıb qara bazarda onları ən yüksək qiymətə almağa hazır kolleksiyaçılara satılmasıdır.

XS
SM
MD
LG