Accessibility links

İslam Partiyasının lideri Mövsüm Səmədov həbsxanada aclığı davam etdirir.

Belə ki, vəkil Anar Qasımlı oktyabrın 2-də 12 saylı Cəzaçəkmə Müəssisəsində Mövsüm Səmədovla görüşüb.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirməyə cəhd və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Partiya lideri sentyabrın 18-də 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib. Mövsüm Səmədov karserdə aclıq elan edib.

Anar Qasımlı “Media forum” saytına deyib ki, Mövsüm Səmədovun əvvəllər saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsində dindar məhkumlarla nəzarətçilər arasında insident yaşanıb. “İnsidentdə onu günahkar biliblər, ona görə dərhal yeri dəyişdirilib, 12 saylı müəssisəyə gətirilən kimi karserə salınıb. Karserdə saxlandığı 12 gün ərzində fiziki təzyiqlərə məruz qalıb. Aclıq etdiyini rəhbərliyə bildirmək üçün kağız-qələm istəyib, vəkili və ombudsmanla görüş tələb edib. Heç bir istəyi nəzərə alınmayıb.

Mövsüm Səmədov aclığı hələ də davam etdirir. Tələbi odur ki, ombudsmanla və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşünə imkan yaradılsın. Eyni zamanda hüquq müdafiəçisi Elçin Behbudovla görüşmək istəyir. Ombudsmanla görüşə nail olmayana qədər aclığı davam etdirəcəyini bildirir”.

Vəkil partiya liderinin səhhətində problemlərin yarandığını əlavə edib. “Mövsüm Səmədovun təzyiqində həmişə problemlər olub. Aclıq etməsi təzyiqini get-gedə aşağı salır. Təbii ki, bu da səhhətində ciddi problemlər yaradır. Heç bir həkim müayinəsi aparılmayıb. Ona aclıq etdiyini rəsmi qaydada elan etməyə imkan vermirlər ki, yanına həkim göndərilsin, nəzarətə götürülsün”.

Rəsmi orqanlar hələ bununla bağlı şərh verməyib. Eyni zamanda Penirtensiar Xidmət bir qayda olaraq saxlanma yerlərində insan hüquqlarına hörmət edildiyini, heç kimin təzyiqə məruz qalmadığını bildirir.

XS
SM
MD
LG