Accessibility links

Komissiya bütün müraciətləri araşdırdığını açıqlayıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasında prezidentliyə namizəd Cəmil Həsənlinin və Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun şikayətinə baxılıb.

Prezidentliyə namizəd Cəmil Həsənli müraciətində sentyabrın 19-da İctimai Televiziyada keçirilən debatda YAP-ın prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun onu təhqir etdiyini bildirib. C. Həsənli eyni zamanda prezidentliyə namizəd Hafiz Hacıyevin onu və ailəsini təhqir etdiyini, ona su butulkası atdığını, ayrılmış 1,5 dəqiqə vaxtını aldığını bildirib. C. Həsənli bununla hər iki şəxsin Seçki Məcəlləsinin tələblərini pozduqlarını bildirib və MSK-nın araşdırma aparmasını istəyib.

APA-nın məlumatına görə, Ə. Əhmədovun müraciətində isə eyni debatda Cəmil Həsənlinin Seçki Məcəlləsinin tələblərini pozduğu qeyd olunub. Müraciətdə bildirilib ki, C. Həsənli Konstitusiyanın 106-cı maddəsinin tələblərini pozaraq, Azərbaycan Prezidenti İlham Əliyevi, onun ailəsinin şərəf və ləyaqətini təhqir edib.

Komissiyanın iclasında həmçinin İctimai Televiziyanın da prezidentliyə namizəd Cəmil Həsənli ilə bağlı şikayətinə baxılıb. Şikayət məktubunda C. Həsənlinin efir qaydalarını pozduğu, əlavə 6 dəqiqə 12 saniyə efir vaxtından istifadə etdiyi, bununla da quruma zərər vurduğu bildirilib.

MSK bütün müraciətləri araşdırdığını açıqlayıb.

İclasda Cəmil Həsənlinin müraciətinin araşdırıldığı, onun müraciətindəki halların təsdiqini tapdığı bildirilib. C. Həsənlinin müraciəti əsasında Hafiz Hacıyevə də xəbərdarlıq olunub.

MSK habelə bildirib ki, araşdırma nəticəsində Əli Əhmədovun və İctimai TV-nin müraciətində göstərilənlər sübut olunub. MSK Cəmil Həsənliyə ciddi xəbərdarlıq edib.

MSK prezidentliyə namizədləri etik davranış qaydalarına əməl etməyə çağırıb. Namizədlərə Seçki Məcəlləsinin 88.1 və 88.2 maddələrinə xüsuilə əməl edilməsinin vacibliyi xatırladılıb.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG