Accessibility links

Sentyabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb. Bu barədə MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ səfiri Robert Sekuta 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.

MSK sədri Məzahir Pənahov deyib ki, “MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır”.

Səfirin suallarının cavabında Pənahov həmçinin referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müxalifət ölkədə referendumqabağı durumun ədalətli olmadığını bildirir. Müsavat Psartiyası Təşəbbüs qrupu MSK-da qeydə alınmayıb. Bu partiyanın referendumla bağlı aralıq hesabatında deyilir ki, referenduma çıxarılan məsələlər barədə ictimai diskussiyalar təşkil edilməyib.

“Referendumla bağlı müxalifətin yaratdığı yeganə təşviqat qrupu olan "Respublika" qrupu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən əsassız iddialarla qeydə alınmayıb. MSK-nın bu qərarından Apellyasiya Məhkəməsinə şikayət verilsə də, Apellyasiya Məhkəməsi MSK-nın qərarını qüvvədə saxlayıb. Bununla da referenduma çıxarılan məsələlərlə bağlı fərqli fikrin ictimailəşdirilməsi imkanlarının qarşısı alınıb”, hesabatda qeyd edilir.

Eyni zamanda, Avropa Şurasının Venesiya Komissiyası referendum prosedurunu, əsasən parlamentdə və ictimaiyyət arasında ilkin müzakirələr aparılmadan, həm də çox qısa müddətdə keçirilməsini tənqid edib.

“Vaxt olmadığından Venesiya Komissiyasının ekspertləri Azərbaycana səfər edib hakimiyyət nümayəndələri, ekspertlər və digər əlaqədar tərəflərlə birbaşa məsləhətləşmələr apara bilməyib. Bununla əlaqədar Venesiya Komissiyası Azərbaycan hakimiyyətinin layihə referenduma təqdim edilənə qədər onunla məsləhətləşmə aparmamasına təəssüf edir”, komissiyanın məlumatında deyilir.

XS
SM
MD
LG