Accessibility links

Mətanət Əzizova: Qanunsuz nikahdan olan uşaqların sayı rəsmi statistikadan bəlkə də, iki dəfə çoxdur


Mətanət Əzizova: Qanunsuz nikahdan olan uşaqların sayı rəsmi statistikadan bəlkə də, iki dəfə çoxdur
Mətanət Əzizova: Qanunsuz nikahdan olan uşaqların sayı rəsmi statistikadan bəlkə də, iki dəfə çoxdur

Müəyyən edilib ki, bir uşağa ay ərzində 75 manat pul bəs edir. Amma, reallıq bu məbləğin çox kiçik olduğunu göstərir. Çünki, böyüklərdən fərqli olaraq uşaqların qida rasionu daha zəngin olmalı, onun təhsili, ictimai həyatı daha aktiv olmalıdır.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda uşaqların sosial durumu, qanunsuz nikahdan doğulan uşaqlarla bağlı danışıb.

Sual: Azərbaycanda uşaqların sosial müdafiəsi qane edicidirmi? Dövlət müavinatları və istehlak zənbili nə qədərdir?

Cavab: Müəyyən edilib ki, bir uşağa ay ərzində 75 manat pul bəs edir. Amma, reallıq bu məbləğin çox kiçik olduğunu göstərir. Çünki, böyüklərdən fərqli olaraq uşaqların qida rasionu daha zəngin olmalı, onun təhsili, ictimai həyatı daha aktiv olmalıdır. Bu mənada uşaqların dolanışıq məbləği böyüklərdən çox müəyyən edilməlidir.

Məsələn, qadın boşanır və aliment üçün məhkəməyə müraciət edir. Məhkəmə isə ata işləməyəndə uşağa cəmi 75 manat aliment kəsir. Hesab edirik ki, bütün hallarda daha çox uşaqların ehtiyacı hesablanmalıdır.

Sual: Müstəqil tədqiqat mərkəzləri bir uşağın aylıq istehlak zənbilinin 200 manat təşkil etdiyini müəyyənləşdirib. Hansı səbəbdən rəsmi rəqəmlərlə müstəqil mərkəzlərin rəqəmləri arasında fərq bu qədər böyükdür?

Cavab: Burada maraqlar var. Yəqin, dövlət strukturlarının hesablamalarında idman, səhiyyə, təhsil və digər xidmətlərə pul hesablanmır. Çünki, qanunvericiliyə görə bunlar pulsuzdur. Reallıqda isə ailələr bütün bu xidmətlərə pul xərcləyir. Dövlət strukturları, yəqin ki, yalnız uşaqların su və çörək pullarını hesablayır. Onların qida rasionu, istirahəti və digər xidmətlər dövlət hesablamalarına daxil edilmir.

Sual: Qanunsuz nigahdan doğulan uşaqların sayı artmaqdadır. Eyni zamanda, 15-17 yaşında olan analardan doğulan uşaqların sayı da artır. Buna səbəb nədir?

Cavab: Qanunsuz uşaqların doğulmasının səbəblərindən biri, erkən nikahların sayının çoxalmasıdır. İkincisi isə, ailə qurmadan uşaq dünyaya gətirmək istəyən qadınların sayı artır. Bəzi qadınlar hesab edir ki, kişi ilə birgə daimi yaşamaq onların karyera qurmasına, rahat yaşamasına problemlər yaradır.

Belə hallarda rəsmi nikah olmadığından uşaqların qeydiyyata salınması çətin olur. Bu səbəbdən də, qanunsuz uşaqların sayı rəsmi statistikadan bəlkə də, iki dəfə çoxdur. Çünki, əsasən erkən nigahdan olan uşaqlar məktəb yaşınadək sənədsiz yaşayır.

Sual: Küçələrdə də uşaqlar yaşayır. Onlarla bağlı hansı işlər görülür?

Cavab: Qeyri hökumət təşkilatları bu problemlə bağlı işlər görür. Bir neçə təşkilat həmin uşaqların qidalanması və paltarla təmin edilməsi məqsədi ilə mərkəzlər təşkil edib. Bu uşaqlar həmin mərkəzlərdə yemək yedikdən sonra yenidən ailəyə və ya onları küçələrdə dilənməyə məcbur edən cinayətkar qruplara qayıtmalıdır. Onlar isə pul tələb edir. Hazırda bir çox insanlar həmin uşaqlara pul vermir. Ailələr və cinayətkarlar qruplar isə onlardan pul tələb edir. Məlumatlarımıza görə, bu uşaqların əksəriyyəti pul üçün seksual zorakılıqlara məruz qalır. Hökumətin bu uşaqlarla bağlı hansı işlər gördüyü mənə məlum deyil. Yaxşı halda onlar polisə aparılır və bir neçə saat saxlandıqdan sonra yenidən buraxılır.

XS
SM
MD
LG