Accessibility links

Şura üzvləri reklam və qəzet satışı sahəsində problemlərin olduğunu bildirib.

Mətbuat Şurası 2011-ci ildə gördüyü işlərlə bağlı hesabatını təqdim edib.
Hesabat quruma daxil olan şikayətlərə baxılması, reket jurnalistikası, diffamasiyadan müdafiə haqqında qanun layihəsinin hazırlanması, media sahəsində həyata keçirilən layihələr və başqa müxtəlif sahələri əhatə edir.
2011-cu ildə MŞ-ya ümumilikdə 651 müraciət daxil olub. Müraciətlərdən 295-i ayrı-ayrı vətəndaşlardan, 196-sı dövlət təşkilatlarından, 74-ü özəl müəssisələrdən, 48-i ictimai qurumlardan, 29-u yerli özünüidarəetmə orqanlarından, 9-u siyasi partiyalardan daxil olub.
“MŞ İdarə Heyəti 9 qəzetə xəbərdarlıq edib, 15 KİVpeşə prinsiplərinə etinasızlıq göstərib. 9 qəzetin adı Mətbuat Şurasının “qara siyahı”sına salınıb”, - deyə MŞ-nin İdarə Heyətinin sədri Əflatun Amaşov bildirib.
Mətbuat Şurası 2011-ci ildə “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsini hazırlayaraq Milli Məclisə təqdim edib. “Düşünürdük ki, 2011-ci ilin sonunadək sənəd parlament komitələrində müzakirəyə çıxarılacaq. Ümid edirik ki, sənəd bu il qəbul ediləcək”, - deyə Ə.Amaşov qeyd edib.
Mətbuat Şurası 2012-ci ildə diffamasiyadan müdafiə ilə bağlı qanunun qəbulu, reklam bazarının genişləndirilməsi istiqamətində işlər aparacaq. Jurnalistlərin Həmkarlar təşkilatının genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək.
2011-cu ilin yekunlarına əsasən “qara siyahı”nda 89 qəzet var.
2011-ci ilin problemlərindən isə Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqov danışıb. “Reklam bazarının genişləndirilməsi ilə bağlı məsələ həllini tapmayıb. Azərbaycan prezidenti Mətbuat Şurasında görüş zamanı reklam bazarının genişləndirilməsi üçün təkliflərin hazırlanıb təqdim edilməsini bildirmişdi. Bilmirəm təkliflər təqdim edilibmi? Amma, problem həllini tapmayıb”.
Cənab Sadıqov Bakı şəhər İcra Hakimiyyətinin qəzet satışına mane olduğunu deyib. "Bakı şəhərində qəzet köşklərinin sayı azalmaqda davam edir. Bir çox hallarda qəzet köşklərində qəzet satılmır, ya da əhali sıx olan yerlərdən köçürülür. Əldə qəzet yayımı sahəsində də problemlər yaradılır", - deyə o qeyd edib.
Mətbuat Şurasının İdarə Heyəti qəzet köşkləri və əldə yayımla bağlı vəziyyəti araşdırmaq üçün komissiya yaratmaq barədə razılığa gəlib.
Mətbuat Şurası Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqandır. 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək KİV-in təsisçiliyi ilə yaradılıb.
Qurumun fəaliyyəti bir çox KİV-ləri təmin etsə də, xüsusilə müxalifət mediasını təmin etmir. Ekspertlər qurumun siyasiləşdiyini və iqtidaryönümlü qəzetlərə yanaşmada ayrı-seçkiliyə yol verdiyini bildirir. MŞ-nin İdarə Heyəti əsasən iqtidarı dəstəkləyən media rəhbərləridir.
Media Hüququ institutunun direktoru Rəşid Hacılı hesab edir ki, MŞ-nin bəzi fəaliyyətləri qaneedici olsa da, bir çox fəaliyyəti media qurumlarını qane etmir.
"2011-ci ildə MŞ ATƏT-lə birgə beynəlxalq standartlara cavab verən "Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi hazırlayıb. Bu, bizi qane edir. Amma, reket siyahısı qaneedici deyil. Belə ki, MŞ-nin üzvü olan bir sıra qəzetlər də reketçilik edir. Onların adı siyahıya daxil edilmir. Bəzi hallarda isə MŞ mətbuata, jurnalistlərə qarşı siyasi təzyiqin vasitəçilərinə çevrilir", - deyə ekspert qeyd edib.
Beynəlxalq təşkilatlar da Azərbaycanda mətbuat azadlığı sahəsində durumun qaneedici olmadığını bildirir. İl ərzində dünyada tanınmış beynəlxalq hüquq müdafiə təşkilatları, ATƏT, Amerika Dövlət Departamenti Azərbaycanda mediaya və jurnalistlərə təzyiqlərlə bağlı çoxsaylı bəyanatlar yayıb. Hazırda ölkədə iki jurnalist və bir bloger həbsdədir.

XS
SM
MD
LG