Accessibility links

MTN çoxsaylı silah, sursat, partlayıcı maddə aşkar edərək götürüb. Silahlı birləşmə əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyaları planlaşdırırmış.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) ölkədə ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvünü yaxaladığını bildirir.
MTN-in ictimai əlaqələr mərkəzinin məlumatında deyilir ki, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahli birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadə üçün nəzərdə tutulan “AKM” tipli 4 avtomat silah, “RPK” tipli 1 pulemyot, 2 “Makarov”, 1 “Naqan”, 1 “Steçkin” tipli tapancalar, “Karabin” tipli 2 tüfəng, güllə ilə dolu 6 tapança darağı, müxtəlif çaplı 300 patron, 31 əl qumbarası, uzaqdan idarə edilən 15 partlayıcı qurğu, 3 detonator, külli miqdarda partlayıcı maddə olan plastid, avtomat silahı üçün 3 daraq, “Kenwood” markalı 30 rabitə aparatı, 3 süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.
Gəncə şəhərində həyata keçirilmiş əməliyyat zamanı MTN-in “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəş açılıb və əl qumbarası atılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü isə yaxalanıb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG