Accessibility links

Mətyu Brayzanın nominasiyası ABŞ mətbuatında müzakirə edilir


Wall Street Journal qəzeti senator Bokserin səfir nominasiyasına qarşı apardığı mübarizəni sərt tənqid edən redaktor məqaləsi ilə çıxış edib. Barbara Bokserin Kaliforniyanı deyil, Ermənistanı təmsil etdiyinə eyham vuran yazıda Mətyu Brayza seçki siyasətinin və dar maraqlardan çıxış edən etnik lobbiçiliyin qurbanı kimi təsvir edilir.

Sentyabrın 21-də Senat Xarici Əlaqələr Komitəsi Mətyu Brayzanın Azərbaycana ABŞ səfiri qismində nominasiyasını nəzərdən keçirəcək. Bununla bağlı Washington Times qəzeti erməni-amerikalıların nominasiya əleyhinə kampaniyanı gücləndirdiklərini yazır. “Hər bir addımı ilə cənab Brayza düşdüyü quyunu bir qədər də dərin qazaraq Azərbaycanda ABŞ səfiri kimi xidmət etmək üçün səhv seçim olduğunu göstərir,” deyə qəzetə danışan Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan söyləyib. O, əlavə edib ki, Bakıda və bütün Qafqaz boyu mühüm diplomatik posta özü ilə əlavə yük gətirməyən və qərəzsiz adamın təyin edilməsi ABŞ maraqlarına daha yaxşı xidmət edərdi.

Artıq cənab Brayzanın əleyhinə düzənlənən kampaniyaya Kipr Hərəkət Şəbəkəsi də qoşulub. Washington Times bu mövqeyi cənab Brayzanın Türkiyədə anadan olmuş həyat yoldaşının türkpərəst sentimentləri ilə əsaslandırır. Kiprli-amerikalılar şikayət edirlər ki, cənab Brayza Şimali Kiprdə türk qüvvələrinin mövcudluğunu pisləməkdən boyun qaçırıb. Onlar həmçinin cənab Brayzanın Birinci Dünya Müharibəsi zamanı erməni qətllərini “genosid” adlandırmaqdan imtina etməsini tənqid edirlər.

Kaliforniyadan senator Barbara Bokser və Nyu Cersidən Bob Menendez birinci dinləmədə Brayzanı sual atəşinə tutmuş, və xanım Bokser onun yay tənəffüsündən əvvəl nominasiyasının təsdiqini dayandırmışdı

Wall Street Journal qəzeti senator Bokserin səfir nominasiyasına qarşı aparıdğı mübarizəni sərt tənqid edən redaktor məqaləsi ilə çıxış edib. Barbara Bokserin Kaliforniyanı deyil, Ermənistanı təmsil etdiyinə eyham vuran yazıda Mətyu Brayza seçki siyasətinin və dar maraqlardan çıxış edən etnik lobbiçiliyin qurbanı kimi təsvir edilir. “Cənab Brayzanın namizədliyinə ən kəskin müxalifət Amerika Erməni Milli Komitəsindən qaynaqlanır. Nüfuzlu lobbi qurumu iddia edir ki, cənab Brayza Ermənistanın regional rəqibləri olan Azərbaycan və Türkiyəyə meyl göstərir. Sübut kimi onlar türk əsilli Zeyno Barana istinad edirlər,” deyə yazıda bildirilir. Halbuki Zeyno Baran hazırkı türk iqtidarını dəfələrlə tənqid edib, və cənab Brayzanın həm Ermənistan həm də Azərbaycan hökumətləri ilə yaxşı münasibətləri var.

Redaktor məqaləsində vurğulanır ki, üç dönəmli senator Bokser indi senatdakı yerini Respublikaçı rəqibi Karla Fiorinaya uduzmaq təhlükəsi ilə üzləşir. “Qızıl ştatda (Kaliforniya) iri erməni icması məskunlaşıb ki, onlar noyabr seçkilərində həlledici səs fərqi təşkil edə bilər, və xanım Bokser onların rəğbətini qazanmağa çalışır.” O biri tərəfdən senatda Demokrat çoxluğu itirmək istəməyən Obama adminstrasiyası xanım Bokserin mövqeyini riskə qoymaq istəmir. Redaktor heyəti yekunda Bakıdakı səfir postunun 14 ay boş qalmasından gileylənir və traybalist Qafqaz höcətlərinin ABŞ-ın regiondakı strateji maraqlarını girov saxlamasından narahatlığını ifadə edir.

Los Angeles Examiner qəzetində müxbir Pol Kuyavski Barbara Bokserin erməniprəstlikdə ittiham olunmasını sual altına alır. Müəllif xanım Bokserə qarşı irəli sürülən ittihamları oxuculara təqdim etdikdən sonra senatoru müdafiə etməyə səy göstərir. “Guya ki, noyabr seçkilərində erməni-amerikalıların səsini almaq üçün Barbara Bokser bu işləri görür. Lakin Bokser yeganə olaraq Brayza nominasiyasının senat komitəsindəki təsdiqini yubatmağı xahiş edib.” Wall Street Journal-ın yazdıqlarını spekulyasiya kimi qələmə verən Examiner yazarı məqalənin başlıca məqsədinin diqqəti Karla Fiorinanın əməllərindən yayındırmaq olduğunu deyir. Onun sözlərinə görə Respublikaçı namizəd Karla Fiorina Hewlett Packard şirkətinə rəhbərlik etdiyi zaman ABŞ sanksiyalarına zidd olaraq İrana qeyri-qanuni mal satmışdı. Belə görünür ki, mühafizəkar düşərgə bu məsələni yəhudi seçicilərin diqqətindən yayındırmaq üçün Barbara Bokserin iddia olunan ermənipərəstliyini gündəmə gətirib, deyə Kuyavski yazısını bitirir.

XS
SM
MD
LG