Accessibility links

Mübahisələrlə dolu on ili arxada qoyan Wikipedia


Mübahisələrlə dolu on ili arxada qoyan Wikipedia
Mübahisələrlə dolu on ili arxada qoyan Wikipedia

Mənbə etibarlılığı baxımından ciddi sınaqlarla üzləşməsinə baxmayaraq onlayn ensiklopediya öz nüfuzu saxlamağı bacarıb

2001-ci il yanvarın 15-də internet ailəsinə qarşıdakı 10 ildə gözlənilməz mübahisələrə səbəb olacaq, pulsuz, hamının müəlliflik, redaktə, və istifadə edə biləcəyi bir ensiklopediya daxil oldu. O zaman qeyri-kommersiya təşkilatı Wikipedia Fondunun təsis etdiyi Wikipedia vebsaytı Cimmi Uels və Lerri Sencer tərəfindən istifadəyə verilirdi.

10 ildən sonra ən çox istifadə olunan elektron ensiklopediyanın tərkibində 17 milyon məqalə var. Bu məlumatlar isə istifadəçilərə 262 dildə çatdırılır. İstənilən bir şəxsin bu ensiklopediyaya məlumat yerləşdirməsi və məlumatı redaktə edə bilməsi bir tərəfdən Wikipediaya inamı azaltsa da, digər tərəfdən onun gücü də sayıla bilər. Belə ki, ensiklopediyanın təmsilçiləri bu səbəb kimi sistemə yüz mindən çox adamın məlumat yerləşdirdiyini göstərir.

On illiyini qeyd edən və hər kəsə məlumat əldə etmək hüququ verən Wikipedia üçün bu, ən böyük başağrısı olub. Hətta son illərədək ABŞ-da bir çox universitet müəllimləri tələbələrin bu ensiklopediyadan sitat gətirərək araşdırmalar aparmasına qadağa qoyurdu və hətta bəzən onları cəzalandırırdı. Saytın bunun qarşısını almaq üçün ciddi bir səy göstərməməsinə baxmayaraq artıq universitetlərdə Wikipediadan istifadəyə qoyulan qadağa aradan qalxmağa başlayıb və bəzi professorlar, tələbələrin ondan ikinci mənbə kimi istifadə etməsinə də imkan verirlər. Ancaq Merilend Universitetin tarix professoru Pol Landau deyir ki, hələ də tələbələrinə ciddi araşdırmalar üçün bu saytdan istifadə etməsinə icazə verməsə də, onların səthi bilikləri oradan götürməsinə etiraz etmir: “Əvvəllər tələbələrimə bu saytdan sitat gətirməyə qadağa qoysam da, indi onların yalnız səthi bilikləri oradan əldə etməsinə icazə verirəm”.

Onun sözlərinə görə, sayta hamının məlumat əlavə edə bilməsinin başlıca müsbət tərəflərindən biri məlumatların sürətlə yayılmasıdır. Ancaq bu məlumatın mənbəyi və doğruluğu barədə suallara səbəb olur. Professor Landau deyir ki, oradakı hər məlumatı etirablı hesab etmək olmaz: “Cənubi Afrika tarixi üzrə ixtisaslaşmış bir tarixçi kimi mən heç vaxt bu bölgənin tarixi barədə oradan məlumat əldə etmirəm. Ancaq misal üçün Fransa İnqilabının baş verdiyi günü öyrənmək üçün mən asanlıqla Wikipediadan istifadə edə bilərəm. Çünki çoxsaylı insan bu sahə üzrə maraqlanır və hər hansı yanlışlıq olan kimi daxil olub, bu məlumatı redaktə edirlər”.

Onuncu ilinə qədər qoyduğu bu günlərdə Wikipedianın başqa mənbələri əvəz etməsini gözləyənlərin sayı o qədər də çox deyil. Lakin professor Landaunun dediyi kimi saytdan müəyyən məlumatları pulsuz əldə etmək olar. Bu da internet inqilabının bir hissəsi kimi Wikipedianın son on ildə yeni bir cığır açdığını göstərir. Tələbələrdən tutmuş jurnalistlərə, həkimlərdən tutmuş tarixçilərə qədər insanların gündəlik həyatında bu onlaym emsiklopediya Wikipedia özünəməxsus yer qazanıb.

XS
SM
MD
LG