Accessibility links

Mübariz Qurbanlı: 2 aprel mitinqi radikalizmin iflası idi


Mübariz Qurbanlı: 2 aprel mitinqi radikalizmin iflası idi
Mübariz Qurbanlı: 2 aprel mitinqi radikalizmin iflası idi

YAP İcra katibinin müavini müxalifətlə dialoqu real saymır. Müxalifətin təkliflərini qəbul etmir. “Müxalifət korrupsiyaya, rüşvətə yox deyirsə, biz yoxun kubunu, hətta ondan da çox deyirik”, - deyə o bildirib.

Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Mübariz Qurbanlı Amerikanın Səsi radiosuna müsahibəsində müxalifətin 2 aprel mitinqi və 16 apreldə keçirəcəyi mitinq, dialoq və müxalifətin təklifləri ilə bağlı münasibət bildirib.

Sual: Müxalifət aprelin 2-də keçirdiyi və aprelin 16-da keçirəcəyi mitinqlərlə bağlı münasibətiniz necədir?

Cavab: Şəxsən mən, aprelin 2-də keçirilən mitinqi müşahidə etdim. Faktlarla deyirəm ki, müxalifətin radikal qanadının Azərbaycanda heç bir sosial dayağı yoxdur. Onların küçələrə dəvət etdiyi tərəfdarlarının belə 10 faizi aksiyaya gəlməmişdi. Onlar, dəbdəbəli şəkildə İctimai Palata deyilən qurumun iclaslarını keçirir, qəzetlərində göstərir, internetdə yayırlar. Belə görünür, guya çoxdurlar. Fəvvarələr meydanında və Nizami küçəsində əhali onsuz da gur idi və onların da hay-küy salan qruplarından belə təəssürat yaranır ki, guya çox adam var. Əslində isə insanlar o qədər də çox deyildi. Bu əslində radikalizmin iflası idi. Azərbaycanda ümumiyyətlə, xalq sabitlik və sakitlik istəyir. Əhali konstruktiv müxalifətə daha çox dəstək verir, nəinki radikallara.

Sual: Müxalifətin dialoq təklifini necə qarşılayırsınız?

Cavab: Axı, Azərbaycanda dialoq söhbətini kim ortaya atır. Azərbaycan Somali, Əfqanıstan və ya geridə qalmış Afrika ölkəsi deyil. O, ölkələrdə dialoqdan danışırlar ki, orada cəmiyyət iki böyük qüvvəyə, iki böyük qütbə ayrılıb, böyük qarşıdurma var. Azərbaycanda cəmiyyətdə dialoq mühiti də var, dialoq da var. Partiyalar arasında siyasi mükalimə, fikir mübadiləsi, ideya yarışı var. Parlamentdəki partiyalarla Milli Məclisin tribunalarında, müzakirələrdə müxtəlif fikrilərimizi səsləndirməklə mövqelərimizi nümayiş etdiririk. Qəzetlərdə, televiziyalarda debatlar təşkil edilir. Dialoq mühiti var. Azərbaycan cəmiyyəti vətəndaş sülhünə, həmrəyliyinə çoxdan nail olub. Ulu öndər Heydər Əliyev zamanında buna nail olub. Bu gün, bizdə vətəndaş qarşıdurması yoxdur. Ona görə, dialoq-dialoq deməklə Azərbaycanı qərb dünyasının şüuraltı təfəkküründə geridə qalmış ölkə kimi göstərmək istəyirlər. Fransada, Almaniyada cəmiyyət necədirsə, Azərbaycanda da elədir. Bizdə cəmiyyət möhkəmdir, monolitdir, ümumi dövlət, vətən və milli maraqlarla bağlı fikir ayrılığı yoxdur. Amma, bütövlükdə siyasi mübarizə var, siyasi müstəvidə hakimiyyət uğrunda mübarizə var, seçkilərdə yer almaq uğrunda mübarizə var, ideya yarışı var. Sadəcə, bir qrup radikal var ki, siyasi hakimiyyətə gəlməyin yolunu yalnız qisasçılıqda, nə qədər pis olarsa bizim üçün o qədər yaxşıdır, bəzi hallarda süni surətdə qarşıdurmada görür.

Sual: Bildirdiniz ki, parlamentdə debatlar, dialoq, fikir müxtəlifliyi var. Amma, parlamentə qərarların əksəriyyəti 95-100 faiz səs çoxluğu ilə qəbul edilir. Səbəbi nədir?

Cavab: Parlamentdə qanunlar plenar iclaslarda müzakirəyə çıxarılmamışdan öncə komitələrdə müzakirə edilir. Bu səbəbdən də fikir ayrılıqları komitələrdə daha çox ortaya çıxır və müzakirə olunub həllini tapır. Bu səbəbdən də səsvermə zamanı deputatların narazılığı olmur. Deputatlar hər bir qanuna seçicisinin marağına uyğun səs verir. Müzakirəyə çıxarılan qanunlar seçicilərin marağını əks etdirdiyindən deputatların əksəriyyəti onun lehinə səs verir.

Sual: Müxalifətin təkliflərini necə qəbul edirsiniz? Müxalifət korrupsiyaya, rüşvətə yox, yeni hökumətin təşkili, yeni parlament seçkilərinin keçirilməsi, demokratik azadlıqların dərinləşdirilməsi, toplaşmaq və söz azadlığı təkliflərini irəli sürür.

Cavab: Media azadlığı Azərbaycanda kifayət qədər var. Media azadlığının sübutundan biri də odur ki, siz mənə bu sualları yönəldə bilirsiniz. Radikal müxalifətin mətbuatı, Turan Agentliyi, Amerikanın Səsi radiosu Azərbaycanda fəaliyyət göstərir. Azadlıq radiosu istədiyi kimi verilişlər yayır və s. Azərbaycanda media azadlığı problemi yoxdur. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə hökumət tərəfindən aparılır və üç istiqamətdə işlər görülür. İslahatların dərinləşdirilməsi, iqtisadi metodların tətbiqi, ikincisi maarifləndirmə və inzibati-hüquqi yol, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi yolları ilə mübarizə uğurla davam etdirilir. Müxalifət korrupsiyaya, rüşvətə yox deyirsə, biz yoxun kubunu, hətta ondan da çox deyirik. O ki, qaldı parlament seçkilərinə, biz hüquqi dövlətdə yaşayırıq, konstitusiya var. Seçki olub, səsvermə yolu ilə parlament formalaşıb. Bu səbəbdən də təkrar parlament seçkiləri və sairə gündəmdə deyil. Ona görə də, bu məsələni qaldırmağın özü konstitusiya ziddir.

Sual: Mitinq hərəkatına beynəlxalq ictimaiyyətin mövqeyini necə qiymətləndirirsiniz? Ümumiyyətlə ərəb dünyası və Azərbaycan...

Cavab: Ərəb dünyası və Azərbaycan ayrı-ayrı məsələlərdir. Biz, öz yolumuzla gedirik, ərəb dünyasının da özünəməxsus inkişaf yolu var. Beynəlxalq ictimaiyyət çox gözəl termindir. Çox istərdim ki, beynəlxalq ictimaiyyət Qarabağ məsələsində özünü göstərsin.

XS
SM
MD
LG