Accessibility links

Mübariz Qurbanlı: Qarşıdurma yaratmağa cəhd göstərən siyasi aksiya keçirmək istəyəcəklərsə, qarşısı alınacaq


Mübariz Qurbanlı: Qarşıdurma yaratmağa cəhd göstərən siyasi aksiya keçirmək istəyəcəklərsə, qarşısı alınacaq

Mübariz Qurbanlı: Qarşıdurma yaratmağa cəhd göstərən siyasi aksiya keçirmək istəyəcəklərsə, qarşısı alınacaq

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı Amerikanın Səsi radiosuna müsahibəsində mövcud ictimai-siyasi durum, iqtidar-müxalifət münasibətləri, xarici diplomatların İctimai Palatada görüşləri, müxalifətin mitinqi və həbsdə olan siyasi fəallarla bağlı münasibət bildirib.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı Amerikanın Səsi radiosuna müsahibəsində mövcud ictimai-siyasi durum, iqtidar-müxalifət münasibətləri, xarici diplomatların İctimai Palatada görüşləri, müxalifətin mitinqi və həbsdə olan siyasi fəallarla bağlı münasibət bildirib.

Sual: Azərbaycanda son dövr daxili siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanda daxili siyasi vəziyyəti normal qiymətləndirirəm. İctimai-siyasi vəziyyət faktiki olaraq nəzarətdədir. Cəmiyyətdə harmoniya və daxili sabitlik var. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar cəmiyyətin müxtəlif sahələrinə, o cümlədən insanların psixologiyasına, əhval-ruhiyyəsinə müsbət təsir göstərməkdədir.

Sual: Müxalifətin mitinq çağırışlarına münasibətiniz necədir? İyunun 19-na da mitinq elan ediblər.

Cavab: “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun var. Bu qanun çərçivəsində istənilən siyasi partiya, ictimai qurum, vətəndaşlar sərbəst şəkildə piketlər, mitinqlər, nümayişlər keçirə bilər. Əgər, radikal müxalifət bu və ya digər şəkildə qanun çərçivəsində aksiya keçirəcəksə, biz buna normal yanaşacağıq. Yox, əgər onlar yenə qanunu pozmaq, qanunu pozaraq qarşıdurma yaratmağa cəhd göstərən siyasi aksiya keçirmək istəyəcəklərsə, təbii ki, bu qanun çərçivəsində qarşısı alınacaq bir hadisə olacaq. Bütövlükdə isə, mən hazırda Azərbaycanda vətəndaşların hansısa bir mitinq əhval-ruhiyyəsində olmasını sezmirəm. Vətəndaşlar sabit və sakit vəziyyət istəyir, buna tərəfdarıdırlar. Ayrı-ayrı siyasətçilərin, partiyaların fikirlərini cəmiyyətə çatdırmaq üçün kifayət qədər imkanları var. Belə olan halda kütləvi aksiyalara çağırışlar istənilən nəticəni vermir və elektorat belə aksiyalara dəstək vermir.

Sual: Son dövrlər xarici diplomatlar, xüsusilə də qərb dövlətlərinin diplomatları və vəzifəli şəxsləri İctimai Palatada görüşlər keçirməyə başlayıb. Bu Yeni Azərbaycan Partiyası tərəfindən birmənalı qarşılanmır. Səbəbi nədir?

Cavab: Biz xarici diplomatların, o cümlədən beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin radikal müxalifətin nümayəndələrinin toplaşdığı və adını İctimai Palata qoyduğu qurumla görüşündən o qədər də narahat deyilik. Biz sadəcə, onu bildiririk ki, həmin nümayəndələr keçirdikləri görüşlərlə bağlı müəyyən açıqlama verməlidirlər. Görüşlərə məxsusi bir qapalılıq statusu vermək və onu xüsusiləşdirmək, bu görüşlər haqqında cəmiyyətə yanlış fikirlər söyləmək, buna qarşı müəyyən əks fikirlər yaradır. Biz narahat deyilik, buyurub görüşsünlər. Amma, beynəlxalq təşkilat və səfirlik nümayəndəsi kiminlə görüşdüyünü gərək götür-qoy etsin. Əgər, ictimai-siyasi həyatda dayağı olmayan və bütövlükdə ictimai həyatda imici olmayan şəxslərlə səfirliklərin nümayəndələri görüşürsə, deməli onların səviyyəsindədirlər. Eyni səviyyədə olduqlarını nümayiş etdirilər.

Sual: Son dövrlər ATƏT-in Bakı ofisi iqtidarla müxalifət arasında dialoq təklifi ilə çıxış edir. ATƏT-in Bakı ofisinin rəhbəri bəyan edib ki, bu günlərdə iqtidarla müxalifətin dialoqu təşkil ediləcək. Necə qəbul edirsiniz?

Cavab: Azərbaycanda dialoq mühiti var. Ölkədə vətəndaş sülhü və həmrəyliyi bərqərar olub. Ona görə də dialoq sözündən xüsusi istifadə edərək onu istismar edənlərə demək istəyirəm ki, Azərbaycan Afrika və Asiyanın geridə qalmış, qarşıdurmalarla zəngin olan ölkələrindən deyil. Azərbaycanda siyasi partiyalar arasında siyasi dialoq mühiti mövcuddur. Bütövlükdə, Azərbaycan cəmiyyətində gedən bu prosesi yüksək qiymətləndiririk. O ki, qaldı radikal dairələrlə söhbətlərə, biz onlarla istənilən yerdə söhbət etməyə hazırıq, buyursunlar. ATƏT-in Bakı ofisi də bu tədbiri keçirirsə burada məxsus radikal qurumla hakimiyyət nümayəndələrini deyil, bütövlükdə siyasi elita və palitra təmsil olunmalıdır ki, hər kəs öz fikrini deyə bilsin. Biz mükalimənin tərəfdarıyıq.

Sual: Amerika dövlət katibi də daxil olmaqla, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini son dövrlər tutulmuş müxalifət fəallarını və blogerləri həbsdən azad etməyə çağırıb. Azərbaycan xarici işlər naziri Vaşinqtonda bəyan edib ki, dövlət katibi konkret olaraq Bəxtiyar Hacıyevin adını çəkib. Necə baxırsınız?

Cavab: Azərbaycanda aprel ayında qeyri-qanuni kütləvi aksiyalar keçirməyə cəhdlər olub. Həmin cəhdlər zamanı vətəndaşların əmlakına xələl gətirən hərəkətlərə yol verilib. Azərbaycanın cinayət və mülki məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib. Təbii ki, bununla əlaqədar ayrı-ayrı şəxslərlə bağlı cinayət işi qaldırılıb, məhkəmə istintaqına hazırlıqla bağlı işlər getməkdədir. Həmin şəxslər siyasi fəaliyyətlərinə görə deyil, bu və ya digər cinayət törətdiklərinə görə ittiham olunur. Onların həbsdən azad edilməsi məsələsini isə hansısa beynəlxalq təşkilatın təzyiqi ilə etmək olmaz. Çünki, bu cür hərəkətlər pis nümunələr yarada bilər. Məhkəmə qərarından sonra, artıq onların əfvi və sair məsələlər prezidentin səlahiyyətindədir. Digər tərəfdən, hərbi xidmətlə bağlı qanunumuz var. Hərbi xidmətdən yayınma ilə əlaqədar yalnız bir nəfər barəsində deyil, bir neçə nəfər barəsində cinayət işi qaldırılıb. İndi də, əvvəllər də bununla bağlı adamlar cəzalandırılıb. Konkret Bəxtiyar Hacıyevlə bağlı da cinayət işi bununla bağlıdır. Ona görə də, onun azad edilməsi ilə bağlı çağırış Azərbaycanın qanunlarına ziddir. Onun əfvi ilə bağlı çağırışlar edilə bilər. Bu isə dövlət başçısının səlahiyyətində olan məsələdir.

XS
SM
MD
LG