Accessibility links

Mübariz Qurbanlı: Gülər Əhmədova deputat kimi etimadı doğrultmayıbsa, üzv kimi də doğrultmayacaq [Audio]


YAP icra katibinin müavini Mübariz Qurbanlı
YAP icra katibinin müavini Mübariz Qurbanlı

“Azərbaycanda dialoq mühiti var və müxalifətlə istənilən mövzuda dialoq aparmağa hazırıq“, YAP icra katibinin müavini deyib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Amerikanın Səsi radiosuna müsahibəsində sabiq deputat Gülər Əhmədovanın hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əmin olduğunu bildirib.

YAP icra katibinin müavini Mübariz Qurbanlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:46 0:00
Direct link

Sual: Keçmiş deputat Gülər Əhmədova ilə bağlı məsələ Azərbaycan siyasi mühitinin əsas mövzularından biridir. Partiyanızın bununla bağlı mövqeyi necədir?

Cavab: Əvvəlcə qeyd edim ki, bu əsas mövzu deyil. Bizim əsas mövzumuz Azərbaycanın dövlət quruculuğu, inkişafı məsələləridir. Sadəcə bu mövzunu kimlərsə gündəmdə saxlamaq istəyir.

O ki, qaldı bu hadisəyə, videomaterialla bağlı Bakı şəhər prokurorluğunda dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq-əməliyyat işlər aparılmaqdadır. Yəqin ki, bunun yekunu ilə bağlı zamanında məlumatlar veriləcək, ictimaiyyət üçün bu mövzu açıqdır.

Bizim buna münasibətimizə gəldikdə, YAP-ın sıravi üzvü olan Gülər Əhmədovanın hərəkətləri partiya tərəfindən pislənilib. Partiyanın sədr müavini-icra katibi Əli Əhmədovun, partiya funksionerlərinin açıqlaması olub. Gülər Əhmədova baş verən hadisə ilə əlaqədar mənəvi-siyasi, hüquqi məsuliyyətini dərk edərək Milli Məclis üzvlüyündən istefa verib. YAP-ın parlamentdə təmsil olunan deputatları da onun bu hərəkətlərini pisləyib.

Hesab edirəm ki, hadisədən kimlərsə sui-istifadə etmək, ayrı-ayrı şəxslərin adlarının hallandırmaqla bunun coğrafiyasını genişləndirmək istəyir. Amma, biz istintaqın nəticələrini gözləməliyik. Öncədən hansısa dırnaqarası proqnozlar verməyə ehtiyac yoxdur. Hər şey hüquq və qanun çərçivəsində həll edilir.

Sual: Müxalifət bu mövqeyi birmənalı qarşılamır. Bildirir ki, bu dövləti cinayətdir, hakimiyyətin qəsb edilməsidir. Cinayət işi də hakimiyyətin qəsb edilməsi maddəsi ilə qaldırılmalıdır? Müxalifətin bəyanatında deyilir ki, hətta YAP-ın özü deputat siyahısını müəyyən etmir. Bu siyahını ayrı-ayrı şəxslər müəyyən edir. Necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanda seçki qanunu var. Siyasi partiyalar seçki qanuna uyğun seçkiyə qatılır. Hər bir siyasi partiya seçki dairələri üzrə öz namizədlərini müəyyənləşdirir.

YAP-ın da seçki dairələri üzrə namizədləri müəyyənləşdirilərkən partiyanın sədri, rəhbərliyi şəhər-rayon təşkilatlarının məlumatlarını, müzakirələrini, ayrı-ayrı namizədlərlə bağlı fikrilərini dinləyir. Bununla bağlı Siyasi Şuranın toplantısı keçirilir, müzakirə olunduqdan sonra namizədlər müəyyən edilir. Partiyanın namizədləri partiya sədrinin tövsiyəsi ilə partiyanın özü tərəfindən müəyyənləşdirilir. Namizədlər ən fəal üzvlərdən seçilir.

Hesab edirəm ki, müxalifətin iddiaları əsassızdır. Müxalifət hər şeydən qara piar kampaniyası üçün istifadə etmək istəyir və bu da müxalifətin ən çatışmayan cəhətlərindən biridir.

Sual: Gülər Əhmədova hələ də YAP-ın üzvüdür. Onun partiya üzvlüyü ilə bağlı məsələyə baxılacaqmı, partiyanın siyasi rəhbərliyinin mövqeyi necədir?

Cavab: Gülər Əhmədova YAP-ın Yasamal rayon təşkilatında qeydiyyatdadır. O partiyanın rəhbərliyində heç bir səlahiyyətə malik deyil. Onu bəzi mətbuat orqanlarının Siyasi Şura üzvü kimi təqdim etməsi tam yanlışdır. Hesab edirəm ki, yaxın zamanda partiyanın Yasamal rayon təşkilatı bu məsləyə baxacaq və Gülər Əhmədova əgər deputatlıq üçün partiyanın etimadını doğrultmayıbsa, partiya üzvü kimi də etimadı doğrultmayacaq.

Sual: YAP müxalifətlə azad, ədalətli, şəffaf seçkilərlə bağlı hazırlıq işlərini müzakirə etməyə hazırdırmı? Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Cavab: Azərbaycanda bütün seçkilər ədalətli, azad, şəffaf keçirilib və seçki komissiyaları formalaşıb. Seçkilər mərkəzi, dairə və məntəqə seçki komissiyaları tərəfindən həyata keçirilir. Bu komissiyaların üzvləri heç bir siyasi partiyanı təmsil etmir. Onlar yalnız qanuna tabedirlər.

Müxalifətlə bu mövzuda müzakirələr aparmağa həmişə hazırıq. İstənilən sahə üzrə müzakirə apara bilərik. Azərbaycanın “Seçki Məcəlləsi” beynəlxalq təşkilatlardan kifayət qədər müsbət rəylər alıb. Əgər bu məcəlləyə bu və ya digər texniki və digər düzəlişlərlə bağlı təkliflər olarsa onları da müzakirə edə bilərik. Milli Məclis də bu ətrafda müzakirələr aparanda biz də öz mövqeyimizi açıqlaya bilərik. Ona görə də bizim qapılarımız bütün məsələlər üzrə açıqdır. Azərbaycanda dialoq mühiti var və istənilən mövzuda da dialoq aparmağa hazırıq.

Sual: Oktyabrın 13-də müxalifət parlamentin buraxılması tələbi ilə yürüş keçirmək istəyir. Münasibətiniz necədir?

Cavab: Hesab edirəm ki, parlamentin buraxılması ilə bağlı təkliflərdə müxalifət həddindən artıq hüquqi nihilizmə və hüquqi baxımdan çox kobud səslənsə də, savadsızlığa yol verir. Çünki konstitusiyada parlamentin buraxılması mexanizmi yoxdur.

Azərbaycan prezident respublikasıdır. Prezident respublikasına xas olan xüsusiyyətlər bizdə də vardır. Dünyanın onlarla ölkəsində parlamentin buraxılması mexanizmi konstitusiya və qanunlarda təsbit edilməyib. Ona görə də konstitusiyada olmayan hüquqi normanı iddia edib parlamenti buraxmağa çağırış gülüşdür. Bir və ya iki deputatın yol verdiyi nöqsanları bütün parlamentə şamil etmək hesab edirəm ki, anormal bir hərəkətdir.
XS
SM
MD
LG