Accessibility links

Ata oğlunun hərəkətlərinə görə vəzifədən azad edilib


Mercedes-Benz G-55

Mercedes-Benz G-55

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Cəmiyyətinin sədr müavini məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna görə vəzifəsindən azad edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Mübariz Mədətov vəzifəsindən azad edilib.

APA agentliyinin məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.

Agentlik bildirir ki, Azərbaycan prezidenti M.Mədətovu məmur adına yaraşmayan hərəkətlərə yol verdiyinə, məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə vəzifəsindən azad edib.

Mübariz Mədətov Xəzər Dəniz Neft Donanmasının rəisi olub, Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasından sonra QSC-nin sədr müavini təyin edilib.

Xatırladaq ki, martın 15-də Bakıda Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi avtomobillə Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes-Benz G-55” markalı avtomobil toqquşub.

Nəticədə Briliant Abdullayeva və az yaşlı Ağasəlim Abdullayev hadisə yerində ölüb, xalq artisti Ağasəlim Abdullayev və Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

“Mercedes-Benz G-55” markalı avtomobilin sürücüsü Xalid Mədətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
XS
SM
MD
LG