Accessibility links

Müdafiə naziri: Məqam yetişib - qısa müddətdə torpaqlarımızı azad edəcəyik


Müdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov

“Düşmən artıq təlaş içindədir. Biz onlara elə zərbələr endiririk ki, onlar qorxub qaçırlar. Cəbhədə xidmət etmək istəmirlər, səngərləri ataraq qaçırlar. Onlar mülki adamları postlara yerləşdirmək məcburiyyətindədirlər. Biz gərək işğalçıları öz torpaqlarımızdan qovaq. Biz buna qadirik və bunu edəcəyik”. Bu bəyanatla Novruz bayramını ön cəbhədə hərbçilərlə qeyd edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.

O deyib ki, Ali Baş Komandan ordunun gücləndirilməsi üçün əlindən gələn hər bir şeyi edir.

“Bizim xalqımız qəhrəman xalqdır, bizim igid övladlarımız var və biz öz torpaqlarımız uğrunda daha igidliklə, qəhrəmancasına döyüşməklə torpaqlarımızı azad etməliyik. Artıq həmin gün yaxınlaşıb. Silahlı Qüvvələrimiz günü gündən möhkəmlənir yeni silahlar, texnikalar alınır”.

Müdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov

Nazir Həsənov bəyan edib ki, Azərbaycan Ordusu elə ilk zərbədən erməni hərbi qüvvələrinin 70 faizini məhv edəcək.

“Bizim o qədər silah və texnikamız var ki, ermənilərə zərbə endirsək yüz illərlə özlərinə gələ bilməyəcəklər. Nə qədər ki, gec deyil ermənilər bunu anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər. Silahlı Qüvvələrimizin hər bir hərbi qulluqçusu gecə və gündüz hər fürsətdən istifadə edərək düşməni məhv etməlidir. Düşmən işğal altında olan torpaqlarımızda rahat oturmamalıdır, daim qorxu içərisində yaşamalıdır. Torpaqlarımız azad edilməli, şəhidlərin qisası alınmalıdır”.

Müdafiə naziri torpaqların azad edilməsi məqamının yetişdiyini bildirib.

”Artıq məqam yetişibdir. Biz qısa müddətdə torpaqlarımızı azad edəcəyik. Siz cənab Ali Baş Komandanın Novruz bayramı munasibəti ilə etdiyi cıxışını izləmisiniz. Möhtərəm Prezident dedi ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. Biz İrəvana, Zəngəzura, Şuşaya, Xankəndinə qayıdacağıq. Bu mütləq olacaq və heç kim buna şübhə etməsin”.

Ermənistan tərəfi hələ Azərbaycan müdafiə nazirinin bəyanatına münasibət bildirməyib.

XS
SM
MD
LG