Accessibility links

Mühafizəkar ekspertlər ABŞ-Rusiya nüvə danışıqlarından narazıdır.

  • Əsgər Möhsümoğlu

Mühafizəkar ekspertlər ABŞ-Rusiya nüvə danışıqlarından narazıdır.

Mühafizəkar ekspertlər ABŞ-Rusiya nüvə danışıqlarından narazıdır.

Yanvarın 11-də Vaşinqtonda yerləşən mühafizəkar təmayüllü Heritage fondunda “Yeni START-dan Sonra: Növbəti Raund” başlıqlı forum keçirildi. ABŞ-la Rusiya arasında taktiki nüvə silahlarının azaldılmasına dair danışıqlara həsr olunmuş tədbirdə natiqlər Obama administrasiyasının Moskvaya getdiyi güzəştləri müzakirə etdilər və hazırkı situasiyanın Amerikanın maraqlarına cavab vermədiyini vurğuladılar.

Forumda çıxış edən natiqlər, Strateji Müdafiə Təşəbbüsü Təşkilatının sabiq direktoru, səfir Henri Kuper və İctimai Siyasət Üzrə Milli İnstitutun baş təhlilçisi Mark Şnayder dekabrın 22-də Senat tərəfindən ratifikasiya edilmiş START müqaviləsində yol verilən xətalardan gileyləndilər. Soyuq Müharibə dönəmində ABŞ-Rusiya nüvə danışıqlarında böyük təcrübəsi olan şəxslər əslində bu müqavilədə əks olunan müddəaların Rusiyanın imkanlarını genişləndirdiyini, ABŞ-ın nüvə arsenalına isə qəbuledilməz məhdudiyyətlər qoyduğunu bildirdilər. Fevral ayında Senatın qoyduğu şərtlərə əsasən Rusiya ilə taktiki nüvə silahlarının azaldılmasına dair danışıqların başlanması ərəfəsində, natiqlər ABŞ-ın zəif mövqedən çıxış etdiyini önə çəkdilər.

Mark Şnayderin sözlərinə görə yenilənmiş START sazişində ballistik nüvə raketləri üçün müəyyən edilmiş limit Rusiyanın malik olduğu raketlərin sayından aşağı idi. Amma ABŞ tərəfi öz ballistik raketlərinin həcmini 20 faiz azaltmağa məcbur oldu. Belə ki, Rusiya arsenalında taktiki nüvə başlıqlı raketlər çoxluq təşkil edir. Bəzi təxminlərə görə Rusiyanın 2-3 min taktiki nüvə raketləri var ki, bunların sırasına nüvə artilleriyası, nüvə torpedoları, və nüvə bombaları daxildir.

Şnayder hesab etdiyini bildirdi ki, Barak Obama administrasiyası nüvə danışıqlarını Rusiya ilə əlaqələri sahmana salmaq siyasətinə subordinasiya etdiyinə görə lüzumsuz güzəştlərə gedib. O üzdən hazırda Rusiya taktiki nüvə silahlarının azaldılmasına o qədər də maraq göstərmir. Bundan əlavə, Şnayder yoxlama prosesində ciddi problemlərin olduğunu önə çəkərək yeni sazişin əlavə nüvə silahlarının istehsalına toxunmadığını qeyd etdi.

Səfir Henri Kuper Rusiya ilə ABŞ arasındakı nüvə danışıqlarının tarixçəsinə nəzər saldı. Onun sözlərinə görə bu yönümdə ilk təmaslar hələ 60-cı illərdə Robert MakNamara ABŞ müdafiə naziri olarkən başlamışdı. Soyuq Müharibə dönəmində tərəflər qlobal atom bomba istehsalının nəzarətdən çıxmaması üçün müəyyən təmas saxlayırdılar. 1970 və 80-ci illərdə Rusiya xeyli miqdarda nüvə silahı istehsal etməyə başladı. ABŞ-ın bu növ istehsala ara verməsinə baxmayaraq, ruslar durmadan silah yarışında Amerikanı önləməyə çalışırdılar.

Henri Kuperin sözlərinə görə ABŞ-Rusiya nüvə danışıqlarında həlledici məqam Reyqan adminisrasiyasının nüvə qalxanı yaratmaq planına start verməsindən sonra yetişdi. Reykyavikdə Sovet lideri Mixail Qorbaçovla görüşündə Reyqan SSRİ-nin bu qalxandan imtina etmək təklifinə etiraz etdi. Moskva israr edirdi ki, müdafiə qalxanı yalnız laborotoriyalarda sınaqdan keçirilə bilsin, amma ABŞ ərazisini gələcək nüvə hücumlarından qorumaqda qətiyyət göstərən Reyqan bu təklifə etiraz əlaməti olaraq danışıqlar masasını tərk etdi.

Kuper Obama administrasiyasını keçmişdə yol verilmiş səhvləri təkrar etməməyə və ABŞ-ın strateji müdafiə qabiliyyətini zəiflətməməyə çağırdı. O, bildirdi ki, Rusiya ilə yaxınlaşma bahasına ABŞ-ın öz strateji üstünlüklərindən imtina etməsi azad dünyanın maraqlarına cavab vermir. Kuper Vladimir Putinin SSRİ-ni bərpa etmək xülyasında olduğunu qeyd edərək Rusiyanın regionda potensial təhlükə mənbəyi olduğunu vurğuladı.

XS
SM
MD
LG