Accessibility links

Məhəmməd Əli İranın ali dini rəhbərinə məktub göndərib


Məhəmməd Əli İranın ali dini rəhbərinə məktub göndərib

Məhəmməd Əli İranın ali dini rəhbərinə məktub göndərib

Dünya boksunun ulduzu Məhəmməd Əli İranda həbsdə olan amerikalı turistlərin azad edilməsi üçün İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneiyə məktub göndərib. Əfsanəvi boksçu Amerikada yalnız tək-tək məşhur adamın edə bildiyi kimi, İranın ali dini rəhbərinə müsəlman qardaş kimi müraciət edib. ABŞ-da ən tanınımış müsəlmanlardan biri olan Məhəmməd Əli fevral ayında göndərdiyi məktubu Associated Press agentliyi üçün martın 16-da açıqlayıb.

Ayətullah Xameneiyə ünvanlanmış məktubda Məhəmməd Əli 2009-cu ilin iyul ayında İranın İraqla sərhəddində saxlanmış və sonradan casusluqda ittiham edilmiş amerikalı Coş Fattal və Şon Bauerin azad edilməsinə çağırır. Üçüncü turist Sara Şord sentyabr ayında zamanətlə azad edilmişdir.

Məhəmməd Əlinin həyat yoldaşı Lonni Əli Associated Press agentliyinə bildirib ki, onlar məktubun amerikalıların azad edilməsi səylərinə yardım edə biləcəyinə inanırlar. Məktubunda Ayətulla Xameneiyə “əziz qardaş” deyə müraciət edən Məhəmməd Əli onu Sara Şordun azad edildiyi zaman göstərilən mərhəməti bir daha nümayiş etdirməyə çağırıb. Məktub İranın BMT-dəki nümayəndəliyi vasitəsilə çatdırılıb. 69 yaşlı boksçu mıəktubundan İrana səfərləri zamanı əldə etdiyi gözəl təəssüratları ali dini rəhbərin nəzərinə çatdırıb.

Bu, Məhəmməd Əlinin İrana göndərdiyi ikinci məktubdur. Birinci məktub keçən ilin yay aylarında Sara Şordun azad edilməsindən əvvəl göndərilmişdi. Lakin məktubun Şordun azad edilməsində nə dərəcədə rol oynadığı aydın deyil. Məhəmməd Əli heç bir məktubuna cavab almayıb.

Məhəmməd Əli İrana iki dəfə səfər edib. 1990-cı illərdə səfəri zamanı o, İran-İraq müharibəsi zamanı müharibə əsirlərinin dəyişdirilməsi səylərində iştirak edib.

Üç dəfə ağır çəkidə dünya çempionu olmuş boksçu hazırda Arizona ştatının Qlendeyl şəhərində yaşayır. Məhəmməd Əli uzun illərdir Parkinson xəstəliyindən əziyyət çəkir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG