Accessibility links

“Mən Əliyəm” - Güc və xeyirxahlıq simvolu [Video]


Ölümündən sonra Məhəmməd Əlini dünya boyu insanlar idmanın, dinin və mədəniyyətin siomvolu kimi yada salır. Kler Luisin 2014-cü ildə çəkdiyi “Mən Əliyəm” sənədli filmində əfsanəvi boksçunun ailəsi və dostlarının audio yazıları, eləcə də karyerasından söz açılır.

“Mənim atam hərtərəfli insan idi. Siz yalnız onun döyüşləri haqda eşidirdiniz. Lakin ailəsi haqda və mənim üçün nə qədər dəyərli olduğu haqda məlumatınız yox idi” deyə, Məhəmməd Əlinin qızı Məryəm bildirir.

Heç kəs, hətta ailə üzvlərindən bəziləri belə bu yaxınlara qədər bu audio kasetlər barədə heç nə bilmirdi. Boks üzrə çempionun həyatından kiçik məqamları açıqlayan sənədli filmdəki audioları rejissor Kler Luisə Əlinin qızı Hana verib. Hana Əli: “Atam həmişə tarixə həssas yanaşardı. Bu audiokasetləri elə görə toplayıb.”

Filmdə bütün dünyanın ona məhəbbətini görmək olur. Dostları və düşmənlərinin Olimpiya çempionu və üç dəfə dünya çempionu kimi tanıdıqları Kasius Kley sonradan İslam dinini qəbul edir. Filmdə Olimpiya çempionu Məhəmməd Əli həssas və cəsarətli insan kimi təsvir edilir. Buna səbəb isə onun Vyetnam müharibəsində vuruşmaqdan imtina etməsi, buna görə də çempion adının və boksçuluq lisenziyasının ləğv edilməsi olmuşdu.

Onun yaxın dostu, keçmiş futbolçu Cin Braun xatirələrini bölüşür: “O, çox cəsarətli idi. Belə bir risk onun onun tacının əlindən alınması və təcrid edilməsi demək idi. Bu isə onun çörək pulu qazana bilməməsi idi.”

Amma öz mövqeyində möhkəm dayanan boksçu 1974-cü ildə, 32 yaşında geri, idmana qayıdır. “Corc Forman hər dəfə məni görəndə borcu qaytaracağını deyir. Gözləyək, görək" deyə, Məhəmməd Əli bildirir.

Əli nəhəng Corc Formanı məğlub edir və öz titulunu geri qaytarır. “Mən bu adamla meydanda təkbətək qaldım. Mən müxtəlif hiyləgərliklərə əl atır və onu döyürdüm. Beş raund asan oldu. Altıncı raundda o, mənim qulağıma pıçıltı ilə “səninki elə bu qədərdir, Corc?” dedi. Mən elə o qədər bacardım.”

“Mən Əliyəm” filmində boksçunun baş tutmayan nikahlarından söhbət açılmır. Burada əsasən onun övladları ilə münasibətindən danışılır.

Vaxtilə gözəl danışıq qabiliyyəti olan Məhəmməd Əlinin yaşa dolduqca Parkinsonun ilk simptomları olaraq nitqi çətinləşməyə başlayır. O, 1970-ci illərin sonunda təqaüdə çıxır və 1980-ci illərin ortalarında onda Parkinson xəstəliyi aşkar edilir. Lakin Məhəmməd Əli övladları və dünyanın yaddaşında güc və xeyirxahlıq simvolu olaraq qalır.

XS
SM
MD
LG