Accessibility links

Mayın 9-da Bakıda İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.

Prezident Əliyev müharibə veteranları ilə görüşündən sonra iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüb. Prezident tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub. Dövlət başçısı II Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.

Bu gün İlham Əliyev müharibə veteranlarına dövlət qayğısının artırılması məqsədi ilə 500 min manat ayırıb.

Dövlət başçısının sərəncamında deyilir ki, ayrılmış vəsait Azərbaycan Veteranlar Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunmasına sərf olunacaq.

Həzi Aslanov

Həzi Aslanov

Əliyev həmçinin aprelin 20-də 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak edənlərə, vəfat etmişlərin qadınlarına, arxa cəbhədə əmək fəaliyyəti göstərənlərə, Leninqrad şəhərinin müdafiəsində iştirak edənlərə birdəfəlik maddi yardım verilməsi üçün 9 milyon manat ayırıb.

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Azərbaycanın hər beş sakinindən biri döyüşüb. 3,4 milyonluq (1941-ci il) əhalidən 681 min nəfəri (onlardan 10 mindən çoxu qadındır) cəbhəyə gedib. Onlardan 250 min nəfəri həlak olub.

400 mindən çox əsgər və zabit döyüş ordeni və medalı ilə təltif edilib, 14 nəfər Şöhrət ordeni kavalyeri, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibə illərində Azərbaycan neft və neft məhsullarının əsas ixracatçısı idi (SSRİ-də həmin vaxt istehsal olunan neft və neft məhsullarının 70%-dən çoxu). Bakıda 130-dan çox növ silah və döyüş sursatı istehsal edilirdi.

Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyası yaradılıb, bu diviziyalar Qafqaz dağının ətəklərindən Pribaltikaya, Şərqi Avropa və Berlinə qədər döyüş yolu keçib.

Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.

Azərbaycanlılar Almaniya tərəfdə də müstəqil Azərbaycan dövlət yaranması uğrunda döyüşüblər. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaradıblar, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik edəcəkdi. 1941-ci ildə Qafqaz Müsəlman legionu yaradılıb, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan (Azerbajdzansche) legionu qoyulub.

Almaniya tərəfdən Qafqaz cəbhəsində 4.500 azərbaycanlı əsgərdən ibarət 5 batalyon döyüşüb. 804-cü “Aslan” batalyonu bütün xarici hissələrlə müqayisədə daha çox sayda əsgərinin müxtəlif döyüş “xidmətlərinə” görə təltif edilməsi ilə fərqlənirdi. Həmçinin, “Berqman”, “Donmek” batalyonları da fərqləniblər.

1943-cü ilin yayında 162-ci türk piyada diviziyası yaradılıb. 1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrilib.

Ümumilikdə almanların tərəfində 38 min azərbaycanlı əsgər və zabit döyüşüb.

XS
SM
MD
LG