Accessibility links

Mülki şəxsin qaytarılması BQXK-nin himayəsi altında baş verib

Noyabrın 30-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) himayəsi altında Yerevanda saxlanılan mülki şəxs Azərbaycana qaytarılıb.
O, beynəlxalq sərhəddə, Ermənistanın İcevan şəhəri ilə Azərbaycanın Qazax şəhəri arasında yerləşən yolda Azərbaycan rəsmilərinə təhvil verilib, deyə BQXK-nin Bakı ofisinin Turan-a daxil olan məlumatında bildirilir.

Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri mülki şəxsin saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün ona baş çəkiblər. Təşkilat eləcə də internə edilmiş mülki şəxsə və onun qohumlarına ailə məlumatlarını çatdırıb.

Neytral vasitəçi qismində və ona verilmiş mandata əsasən fəaliyyət göstərən BQXK, bu repatriasiyaya Ermənistan və Azərbaycan hakimiyyət orqanlarının müraciətinə əsasən vasitəçilik edib. İnternə edilmiş şəxs repatriasiyadan əvvəl BQXK-nın nümayəndələrinə öz razılığı ilə geri qayıtdığını bildirib.

Cenevrə Konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir.

Qeyd edək ki, söhbət Qazax rayonunun Məzəmli kəndinin 41 yaşlı sakini Telman Əliyevin qaytarılmasından gedir. Bu kar-lal çoban noyabrın 12-də yolunu azaraq, Ermənistan tərəfə keçib.

Daha bir Azərbaycan hərbiçisi – Firuz Fərəcov Ermənistan tərəfin əsirliyində qalmaqdadır.

Hazırda 5 üzvlü bir erməni ailəsi Azərbaycan tərəfdədir, bu ailə iki il əvvəl könüllü olaraq təslim olub

Hərbi Əsirlərin, Girovların və İtkin düşmüşlərin işləri üzrə Azərbaycan Dövlət Komissiyası Ermənistan tərəfin Azərbaycanlı əsir Telman Əliyevi azad edərkən prosedurları pozduğunu bildirib.

Dövlət Komissiyasının məlumatında bildirilir ki, Əliyevin təhvil verilməsi zamanı Ermənistan tərəfi “razılaşdırılmış prosedurlar çərçivəsini aşıb”, baxmayaraq ki, proses özü insidentsiz ötüşüb.

Belə ki, Ermənistan tərəfi bir gün əvvəl əsirin təhvil verilməsi haqqında məlumat yayıb, təslim günündə isə jurnalistlərin iştirakı üçün şərait yaradıb və görüş yerinə hərbiçilərlə gəlib.

Bununla əlaqədar olaraq, Azərbaycan Dövlət Komissiyası prosedur başlamazdan əvvəl öz iradını bildirib, bu irad BQXK əməkdaşları vasitəsilə prosesdə iştirak edən Hərbi əsirlərin işləri üzrə Ermənistan Dövlət Komissiyası nümayəndələrinin diqqətinə çatdırılıb.

BQXK öz növbəsində Ermənistan Dövlət Komissiyasını bu addımdan yayındırmağa çalışıb, amma buna müvəffəq ola bilməyib, deyə məlumatda bildirilir.
XS
SM
MD
LG