Accessibility links

Azərbaycanda mülkiyyət problemləri


Mülkiyyət hüququ ilə bağlı dəyirmi masa

Mülkiyyət hüququ ilə bağlı dəyirmi masa

Son illərdə 40 min insan evindən köçürülüb. Ekspertlər mülkiyyət hüququ sahəsində ciddi qanun pozuntularından danışıb

Azərbaycanda mülkiyyət hüququ sahəsində qanunvericilik bazası, problemlər, yarıtmaz icra vəziyyəti, vətəndaşların mülkiyyətlərinin qanunsuz olaraq əlindən alınması, bu sahədə yerli məhkəmələrin və Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsi bu gün Park İnn otelində keçirilən dəyirmi masanın əsas müzakirə mövzusu olub.

Amerika səfirliyinin dəstəyi ilə həyata keçirilən layihənin yekunu olaraq Azərbaycan Hüquqşünaslar Assosiasiyası və Azad İqtisadiyyata Yardım İctimai Birliyi “Mülkiyyət hüquqlarının məhkəmə qaydasında müdafiəsi – uğurlar və çətinliklər” mövzusunda keçirilən forumda Milli Məclisin deputatları, bir sıra icra orqanlarının təmsilçiləri, ekspertlər, tanınmış hüquqşünaslar və vəkillər iştirak edib.

Azərbaycan məhkəmələrinin mülkiyyət hüququ ilə bağlı qəbul etdiyi qərarların 3-5 faizini ədalətli hesab etmək olar. Bu qərarların bir hissəsi isə şəxsi münasibətlər baxımından qəbul edilib. Yerli məhkəmələr bir qayda olaraq Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti, Torpaq Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı hər-hansı iddianı təmin etmir. Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarları yerinə yetirilmir.

“Torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı qanun layihəsi və qanunun tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarı müsbət haldır. Bununla yanaşı, qanunların tətbiqi, məhkəmə baxışı sahəsində çoxsaylı problemlər qalmaqdadır”, - deyə Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədri Ənnağı Hacıbəyli qeyd edib.

Ölkədə mülkiyyət hüququnun qorunmasına qarşı biganəlik, qanunvericiliyin yarıtmaz tətbiqi, bələdiyyələrin torpaq üzərində mülkiyyət hüququ ilə bağlı problemlər, icra hakimiyyətinin qanunsuz yollarla sövdələşmələrə getməsi ölkəyə investisiya cəlbində böyük problemlər yaradır.

“Məsələn, Rusiyada turizm obyektlərini alıblar, amma mülkiyyətə zəmanət olmadığından biznesmenlər investisiya qoymağa tələsmir. Azərbaycanda da neft sənayesindən başqa sahələrə investisiya qoyuluşu yox dərəcəsindədir”, deyə Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu vurğulayıb.

Ekspertlər hesab edir ki, konstitusiyadan ictimai ehtiyaclar sözlərinin çıxarılması, torpaqların yalnız dövlət ehtiyacları üçün alınması bəndinin saxlanması müsbət addımdır. Amma reallıqda buna əməl edilmir.

“Buna baxmayaraq, Azərbaycanda mülkiyyət hüququnun sabit dəyər kimi qorunmasından danışmaq əbəsdir. Hətta parkın salınması üçün də mülkiyyət hüququ pozulur”, - deyə deputat qeyd edib.

Forumda yalnız Bakı şəhərində 500 min sənədsiz, ünvansız tikilinin olduğu, regionlarda isə belə tikililərin daha çox olduğu qeyd edilib. Bu, vətəndaşlarla dövlət arasında böyük problemlər yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinə mülkiyyət hüququ ilə bağlı yüzlərlə şikayət göndərilib.

“Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı 50-dən çox qərarı icra edilməyib. Amma, digər tərəfdən, məhkəmə qərarlarını icra etmədiyinə görə insanları 220 saatlıq ictimai işlərə cəlb edirlər”- deyə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev qeyd edib.

Ekspertlər məcburi köçkünlərin digər vətəndaşların evlərini qanunsuz zəbt etdiyi və bu barədə məhkəmə qərarlarının icrasının vacibliyini də deyib. “Məcburi köçkünlərin köçürülməsi ilə bağlı dövlət proqramı var və bu, yerinə yetirilir”-deyə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib.

Çıxışlarda son illərdə yalnız Bakı şəhərində 40 min məcburi köçürmə halının qeydə alındığı qeyd edilib. Bu hallarla bağlı vəkillər məhkəmə qərarlarından danışıb.

“Rüstəm İbrahimbəyovun və Leyla Yunusun işi siyasi sifarişdir. Leyla Yunusun evi məhkəmənin söküntünün dayandırılması ilə bağlı qərarı olmasına baxmayaraq insanlar evdə olarkən dağıdılıb. Rüstəm İbrahimbəyov isə Neft Şirkətinə qarşı iddia qaldırıb. İnzibati məhkəmə qarşılıqlı iddianı qəbul etməli olmadığı halda əsas iddiadan imtina edib və Rüstəm İbrahimbəyovla yanaşı, digər vətənədaşların da mülkiyyət hüququnu pozan qərar qəbul edib”, deyə Ənnağı Hacıbəyli qeyd edib.

Bayraq Meydanının tikintisi zamanı da çoxsaylı qanun pozuntuları olduğu bildirilib.

“Bayraq meydanına gedən yol tikintisi Bakı-Ələt yolunun 2-4 kilometrinin tikintisi adı altında aparılıb. Bu yolun 2 kilometrinin tikintisinə 64 milyon manat ayrılıb. Amma, orada yaşayan 28 hərbiçinin hər birinə 10 min manat kompensasiya verilib”- deyə vəkil Şəfa Camalzadə deyib.

Vəkil Anar Qasımlı isə Şahdağ Turizm Kompleksinin tikintisi zamanı mülkiyyət hüququ ilə bağlı qanun pozuntularından danışıb. Orada hər sot torpaq sahəsi üçün kompensasiya cəmi 24 manat müəyyən edilib. Halbuki bu ərazidə real bazarda bir sot torpağın qiyməti bir neçə min manatdır.

“81 ailə məhkəmədə iddia qaldırıb. Turizm kompleksi işləyir, iddiaçıların 9-u dünyasını dəyişib. Amma məhkəmə iddiaya hələ də baxmayıb”, deyə vəkil bildirib.

Vəkil İradə Cavadova deyib ki, Bakı şəhərində insanlara ən yüksək kompensasiya 1500 manat verilir.

“Halbuki, həmin ərazidə bir kvadratmetr eyni təyinatlı binanı almaq üçün kvadrat metrinə 15 min manat ödəməli olursan. İnsanlar banklardan kreditlər götürüb, öhdəliyi var. Ancaq onun biznes obyektini söküb kvadrat metrinə 1 500 manat verirlər. Mənim müvəkkilim 1 milyon manat kredit götürüb, biznes qurub. Obyektini söküblər, verilən kompensasiya kreditinin cüzi bir hissəsini belə ödəmir. Vətəndaş nə etməlidir?”, deyə vəkil sual edib.
XS
SM
MD
LG