Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Azərbaycan hərbçisinin meyitinin qaytarılması müzakirə edilib


Mədət Quliyev və BQXK Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Mədət Quliyev bildirib ki, Dövlət Komissiyası Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı BQXK-nın və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir.

"Eyni zamanda, meyitlərin verilməsi mexanizminin və prosedurlarının kifayət qədər aydın və açıq olmasına baxmayaraq, əsgərimizin meyitinin bu günə kimi qaytarılmaması Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Əvvəllər də belə hallara yol verildiyini və meyitləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır”, Quliyev qeyd edib.

Xanım Sessera BQXK-nın Azərbaycandakı nümayəndəliyinin Çingiz Qurbanovun meyitinin tezliklə geri qaytarılması üçün BQXK-nın Ermənistandakı nümayəndəliyi ilə birlikdə səylərini davam etdirdiyini söyləyib.

XS
SM
MD
LG