Accessibility links

Riçard Hoqland: Aprel döyüşlərinin ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd edilməlidir [Video]


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Bakıda mətbuat konfransı keçirib

“ATƏT-in Minsk qrupunun həmsədrləri prezident İlham Əliyevlə çox əhəmiyyətli görüş keçirdi. Həmsədrlər həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla detallı müzakirələr apardı”. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland həmsədrlərin Bakıdakı görüşlərindən sonra Amerika Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmsədrlərin danışıqlarda əsas mesajı tərəflərin yüksək səviyyədə danışıqlar masasına qayıtmasının vacibliyi olub.

“Biz 2016-cı ilin aprel döyüşlərinin bir ilinin cəbhədə yox, danışıqlar masası arxasında qeyd olunmasını vurğuladıq. Minsk qrupunun həmsədr dövlətləri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur və mümkün deyil. Bu mesajı həmsədrlər gələn həftə Ermənistan rəhbərlərinə də çatdıracaq”, o qeyd edib.

R.Hoqland həmsədrlərin gələn həftə Ermənistanda görüşlər keçirdikdən sonra danışıqların nəticələri ilə bağlı birgə bəyanatla çıxış edəcəyini deyib.

Amerikalı həmsədr prezidentlərin görüşünün yaxın zamanlarda mümkünlüyü ilə bağlı sualın cavabında deyib ki, yaxın zamanlarda yüksək səviyyəli görüşə ümid edir.

Riçard Hoqland

Riçard Hoqland

“Amma hazırda dəqiq tarix barədə bir söz deyə bilməyəcəm. Rusiya tarixin indiki anında aparıcı rolu öz üzərinə götürüb. Biz həm də çox şadıq ki, həmsədr dövlətlər vahid mövqedən çıxış edir”, R.Hoqland vurğulayıb.

O, Amerikanın Səsinin cəbhədə hərbi ritorikanın intensivləşməsi, tərəflərin silahlanmanın pik həddinə çatmasının nizamlanma prosesinə təsirləri ilə bağlı sualının cavabında deyib ki, həqiqətən münaqişənin 25 il ərzində diplomatik həll yolu tapılmayıb.

“Amma diplomatik fəaliyyətlər nəticəsində faciəvi zorakılıqların qarşısı alınıb. Diplomatik fəaliyyətin nəticəsi hər iki tərəfi qane edən həll yolunun tapılmasından ibarətdir. Həmsədr dövlətlər bundan sonra da diplomatik fəaliyyətlərini davam etdirəcək. Çalışacaqlar ki, elə vaxt çatsın ki, tərəflərə faydalı nəticələr əldə edilsin”.

Riçard Hoqland

Riçard Hoqland

O, hərbi ritorikanın artığını təsdiq edib.

“Bundan xəbərimiz var. Ona görə də diplomatik fəaliyyətimizi artırmaq istəyirik”.

R.Hoqland danışıqlarda aparıcı rolu tərəfləri silahlandıran Rusiyanın öz üzərinə götürməsi, ABŞ-ın aparıcı rolu hansı səbəbdən üzərinə götürməməsi ilə bağlı Amerikanın Səsinin sualının cavabında deyib ki, danışıqlar prosesində hər hansı həmsədr ölkənin daha aktiv iştirakı təbiidir.

“Tarixə nəzər yetirdikdə görürük ki, həmsədr ölkələr vaxtaşırı aparıcı rol oynayıb. Yadıma gəlir, vaxtilə Amerika aparıcı rol oynayırdı, dövlət katibi Kolin Pauell bəynatlar verirdi. Sonra bu rol Fransaya keçdi. İndi isə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanatlar verir, Rusiya prezidenti münasibət bildirir. Bununla yanaşı, Rusiya da daxil olmaqla, hər üç dövlət diplomatik fəaliyyətin vacibliyini vurğulayır. Mən tam aydın başa düşürəm ki, reallıq olan odur ki, problem çox mürəkkəbdir və müxtəlif layları var”, o qeyd edib.

Amerikalı həmsədr Ermənistanın münaqişənin həllində siyasi iradəsinin davamlı olub-olmaması barədə sualın cavabında deyib: “Ermənistan rəhbərliyinin Dağlıq Qarabaş münaqişəsinin nizamlanması ilə bağlı siyasi iradəsini gələn həftə sınaqdan çıxaracağıq”.

Onun sözlərinə görə, hər iki münaqişə tərəfi hərbi ritorikadan istifadə edir. ”Bu kimi bəyanatlar daxili ictimaiyyətə yönəlib”, o belə qənaətdədir.

R.Hoqland ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi, yəni müşahidəçilərin sayının artırılması ilə bağlı sualın cavabında deyib ki, bu, diplomatik danışıqların mövzusu olduğundan fikir bildirmək istəmir.

“Onu bildirmək istəyirəm ki, Vyana və Sankt-Peterburq görüşlərində bu barədə sənədlər qəbul edilib. Bu sənədlər etimadın artırılmasını nəzərdə tutur. Etimadın artırılması və bunun təsir imkanlarının olması çox vacibdir”, həmsədr qeyd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG