Accessibility links

AXCP fəalının məhkəməsi davam edib


Murad Ədilov (Foto Murad Ədilovun Facebook səhifəsindən götürülüb)

Murad Ədilov (Foto Murad Ədilovun Facebook səhifəsindən götürülüb)

Aprelin 30-da Lənkəran Rayon Məhkəməsində qanunsuz narkotik dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabirabad rayon təşkilatının fəalı Murad Ədilovun işi üzrə proses davam edib.

Vəkil Yalçın İmanovun Amerikanın Səsinə bildirib ki, bu gün sonuncu şahid - Sabirabad rayonundan dövlət vəkili Səxavət Məmmədli ifadə verməli idi. Lakin o, yenə məhkəməyə gəlməkdən imtina edib.

Məmmədli Ədilovun geyimində aparılmış axtarış haqqında protokolu imzalayıb. Lakin təqsirləndirilən şəxsin və ittiham tərəfinin şahidlərinin dediyinə görə, Məmmədli axtarışda iştirak etməyib.

Məmmədlinin məhkəməyə gəlməməsi ilə əlaqədar hakim Elşad Əliyev Vəkillər Kollegiyasına müraciət etməyi qərara alıb.

Daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) məhkəmənin sorğusuna cavabı oxunub.

“İstintaqın iddiasına görə, Murad Ədilovun saxlanılması üzrə əməliyyat guya onun narkotik ticarəti ilə məşğul olduğu haqqında BMCMİ-yə daxil olmuş operativ məlumat əsasında aparılıb. Biz avqustun 10-da Ədilov haqqında belə bir informasiyanın daxil olub-olmadığını yoxlamaq üçün BMCMİ-də operativ məlumatların qeydiyyatı kitabının gətirilməsi haqqında vəsatət qaldırmışdıq. Məhkəmə vəsatəti qismən təmin edib və yalnız 10 avqust tarixli səhifələrin çıxarışını istəyib. BMCMİ-dən isə istintaqın versiyasını təkrar edən məktub daxil olub, amma çıxarış olmayıb”, deyə vəkil bildirib. Buna görə hakim bir daha BMCMİ-yə müraciət etmək barədə qərar qəbul edib.

Eyni zamanda, müdafiə tərəfinin Ədilovun üzərində tapılmış narkotiklər haqqında rəy vermiş ekspertin məhkəməyə çağırılması haqqında vəsatəti təmin edilməyib.

Narkotikin kütləsi haqqında məlumatlarda ekspertin rəyi və polislərin tərtib etdiyi protokoldakı məlumatlar arasında ciddi fərqlər var. Belə ki, polis Ədilovun üzərində 7,04 qr, evində isə 683 qr marixuana tapıldığını iddia edir.

Ekspert isə fəalın üzərindən götürülmüş marixuananın 3,93 qr, evdən tapılmış narkotikin isə 660 qr olduğu barədə rəy verib.

Bundan başqa, ekspertizanın keçirilməsi vaxtı təqsirləndirilən şəxsin ifadələri ilə üst-üstə düşmür.

Belə ki, ekspert elə fəalın saxlanıldığı gün “operativ olaraq” guya Ədilovun üzərindən götürülmüş narkotiklər haqqında rəy verib, baxmayaraq ki, saxlama proseduru və protokolun tərtib edilməsi axşama qədər davam edib.

Məhkəmənin növbəti iclası mayın 14-də keçiriləcək. Vəkil bu iclasda məhkəmə istintaqının yekunlaşdığının elan ediləcəyini və tərəflərin son çıxışlarının olacağını təxmin edir.

Murad Ədilov 11 avqust 2014-cü ildə Sabirabad rayonunda saxlanılıb. O, “Azadlıq” qəzetinin əməkdaşı və AXCP liderinin mətbuat katibi Natiq Ədilovun qardaşıdır. N.Ədilov təqib və təzyiqlərlə əlaqədar qardaşının həbsindən sonra Azərbaycanı tərk etməyə məcbur olub.

Murad Ədilov ittihamı qəbul etmir və siyasi sifariş hesab edir.

XS
SM
MD
LG