Accessibility links

Misirin hakimiyyətdən devrilmiş prezidenti Məhəmməd Mursinin məhkəməsi başlayıb. İyul ayında baş vermiş hərbi çevrilişdən sonra ölkədə gərginliyin artdığı müşahidə edilir. Məhkəmə prosesinin gərginliyin artmasına gətirib çıxara biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Məhkəmə hakimiyyətdən devrilmiş prezident Hüsnü Mübarəkin işinə baxılan eyni polis qərargahında keçirilib. Rəsmilər binanın ətrafına çoxlu sayıda təhlükəsizlik qüvvələri yerləşdirildiyini bildirib.

Cənab Mursi ilə bərabər 14 digər müttəhim keçən il dekabr ayında prezident sarayının ətrafında baş vermiş zorakı hadisələr zamanı insan ölümü və zorakılığa görə ittiham olunurlar.

Cənab Mursi iyul ayının 3-də hərbi çevriliş nəticəsində hakimiyyətdən devrilib.

Həmin vaxtdan Misir rəsmiləri Müsəlman Qardaşları təşkilatına qarşı təqiblərə başlayıb. Təşkilatın bir neçə rəhbəri həbs edilib. Nümayişlər zamanı Cənab Mursinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar baş verib. Bu günə qədər nümayişlərdə 1000-dən çox insan həyatını itirib.

Cənab Mursinin tərəfdarları onun hakimiyyətinin bərpasını tələb edirlər. Müsəlman Qardaşları təşkilatı məhkəmə prosesinə etiraz olaraq tərəfdarlarını kütləvi nümayişlərə çağırıb.
XS
SM
MD
LG