Accessibility links

Natiq Cəfərli: Bu idarəetmə fəlsəfəsi ilə islahat aparmaq mümkün deyil [Video-Müsahibə]


Natiq Cəfərli: Bu idarəetmə fəlsəfəsi ilə islahat aparmaq mümkün deyil
please wait

No media source currently available

0:00 0:06:57 0:00

Natiq Cəfərli: Bu idarəetmə fəlsəfəsi ilə islahat aparmaq mümkün deyil

REAL Hərəkatının icra katibi Amerikanın Səsinə danışır

REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycan prezidentinin Nazirlər Kabinetinin 9 ayın yekunları ilə bağlı iclasında qaldırdığı iqtisadi-sosial problemlərin həlli yollarından danışıb.

Amerikanın Səsi: Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkənin əsas iqtisadi problemlərindən danışıb. Dövlət başçısının problemlərin aradan qaldırılması barədə irəli sürdüyü təkliflərin reallaşdırılması mümkündürmü?

Bundan öncə də korrupsiya ilə, inhisarçılıqla bağlı prezidentin çıxışları olub. Təəssüf ki, sonradan bu çıxışlar real əməllərə, real hər hansı hərəkətlərə dönməyib.

Natiq Cəfərli: Əslində illər boyu Azərbaycandakı bu xroniki problemlər, iqtisadiyyatın inklişafına mane olan problemlər ekspertlər səviyyəsində, müstəqil şəxslər, jurnalist araşdırmaları şəkilndə dəfələrlə gündəmə gəlib. Bu məsələlərin prezident tərəfindən qaldırılması çox müsbət addımdır. Amma bu bir neçə dəfə təkrar olunub. Bundan öncə də korrupsiya ilə, inhisarçılıqla bağlı prezidentin çıxışları olub. Təəssüf ki, sonradan bu çıxışlar real əməllərə, real hər hansı hərəkətlərə dönməyib. Ümid edirik ki, heç olmazsa bu çıxışdan sonra müəyyən real addımlar atılacaq.

Amerikanın Səsi: Dövlət başçısı iqtisadiyyatın inkişafına mane olan əsas amillər kimi rüşvət, korrupsiya, inhisarçılıq, gizli iqtisadiyyat və süründürməçilikdən bəhs edib. Bu maneələri hansı yollarla aradan qaldırmaq olar?

Problemlərin aradan qaldırlması indiki sistemdə, indiki oyun qaydaları ilə, indiki idarəetmə fəlsəfəsi ilə və indiki idarəedici orqanların, nəzarətedici orqanların funksiyalarının saxlanması ilə mümkün deyil.

Natiq Cəfərli: Bu maneələr Azərbaycanın müstəqilliyindən bəriiqtisadiyyatda yaranmış xroniki problemlərdir. Bunların aradan qaldırılması üçün təbii ki, artıq tək çıxışlar və yaxud hər hansı göstərişlərin verilməsi kifayət etməyəcək. Bu problemlərin aradan qaldırlması ölkədə struktur islahatlarının, köklü sistem islahatlarının həyata keçirilməsinə, hətta konstitusiya dəyişikliklərindən tutmuş, qanunverici aktların müxtəlif sahələrinin dəyişdirilməsinə, hökumətin yığcam, effektiv və mobil olmasına qədər bir çox sahələrin, strukturların dəyişdirilməsini əhatə etməlidir. Bu artıq böyük bir proqramın mövzududur. Problemlərin aradan qaldırlması indiki sistemdə, indiki oyun qaydaları ilə, indiki idarəetmə fəlsəfəsi ilə və indiki idarəedici orqanların, nəzarətedici orqanların funksiyalarının saxlanması ilə mümkün deyil. Bu funksiyalar mütləq azaldılmalıdır. Yoxlayıcı orqanların sayı, onların fuinksiyaları, onların müdaxilə etmə səlahiyyətləri xeyli dərəcədə azaldılmalıdır. Bu həm konstitusiya, həm qanunvericilik aktlarının xeyli hissəsinin dəyişməsinə səbəb olmalıdır. Bunun üçün mütləq xüsusi bir qrup yaradılmalıdır ki, islahatların həyata keçirilməsi üçün qanunverici baza hazırlasın.

Amerikanın Səsi: Cənab Əliyev köklü struktur islahatlarının davam etdirləcəyini bildirir. Bu sahədə islahatlar hansı sahələri əhatə etməlidir?

Məsələn, vergi ilə gömrük orqanlarının birləşdirilməsi uzun zamandır müzakirə olunur.

Natiq Cəfərov: Əslində bununla bağlı bəzi ip ucları var. Gələn ilin büdcə xərcləmələrinin təxminən 4 milyard manat azalması hakimiyyəti və hökuməti mütləq məcbur edəcək ki, bəzi struktur islahatlarına getsin. Struktur islahatları əsasən biznesin inkişafına mane olan qurumların azaldılmasını, onların həcminin kiçildilməsini əhatə etməlidir. Bəzi nazirliklər və dövlət idarələri ya ləğv edilməli, ya da birləşdirilməlidir.

Natiq Cəfərli
Natiq Cəfərli

Məsələn, vergi ilə gömrük orqanlarının birləşdirilməsi uzun zamandır müzakirə olunur. Bu tamamilə doğru bir yanaşma olardı. Gömrük və vergi orqanlarının birləşdirilməsi, hətta mən düşünürəm ki, Maliyyə Nazirliyinin tərkibində hər ikisinin ayrıca bir departament kimi formalaşması daha yaxşı olardı. Vergilər Nazirliyinin ayrıca bir qurum kimi fəaliyyət göstərməsinə də ehtiyac yoxdur. Çünki vergilərin elektron şəkildə ödənilməsi yüksək səviyyəyə qaldırıla bilsə, bununla bağlı ciddi addımlar atılsa, gömrük rüsumlarının ödənilməsi də elektronlaşsa, onların ayrıca bir nazirlik və ya komitə kimi qalmasına heç bir ehtiyac yoxdur. Maliyyə Nazirliyinin tərkibində iki departament şəklində fəaliyyət göstərə bilərlər. Onlar daha çox strateji məslələrin həllinə fokuslaşarlar, nəinki iş adamlarını incitməyə, yoxlamalar həyata keçirməyə. Mən bir çox struktur dəyişikliklərini deyə bilərdim. Amma, iş adamlarının ən çox narazı olduğu vergi və gömrük orqanlarıdır. Burada ciddi islahatlara ehtiyac var.

Bir neçə nazirlik, dövlət komitəsi, yerli icra orqanları tikintiyə nəzarəti həyata keçirir.

Digər sahələrdən biri də tikintidir. Azərbaycan qanaunvericiliyinə görə bir neçə nazirlik, dövlət komitəsi, yerli icra orqanları tikintiyə nəzarəti həyata keçirir. Bu da tikinti aparan şirkətlərə izafi xərclərə, açıq desək korrupsiyaya yol açır. Bu strukturlar da ya ləğv olunmalıdır, ya da birləşdirilməlidir. Tikintiyə vahid pəncərə sistemindən nəzarət həyata keçirilməlidir.

Amerikanın Səsi: Prezident ictimai nəzarətin artırılmasının vacibliyini deyir. Hazırki ictimai-siyasi idarəetmə mühitində ictimai nəzarəti genişləndirmək üçün nə edilməlidir?

QHT-lərin sıradan çıxması ictimai nəzarətin zəifləməsi deməkdir.

Natiq Cəfərli: Əslində çox vacib tezisdir. Amma çox təəssüf ki, son iki ildə ümumiyyətlə ictimai nəzarəti həyata keçirə biləcək vətəndaş cəmiyyəti sektoru demək olar ki, tamamilə çökdürülüb. Azərbaycanda çox normal şəkildə fəaliyyət göstərən, müəyyən ictimai nəzarəti həyata keçirməyə qadir olan onlarla QHT-lər var idi. Bu QHT-lər dəyirmi masalar keçirirdi, hesabatlar hazırlayırdı, hökumət yaxşı dövrlərdə, neftin qiymətinin yüksək olduğu dövrdə, gəlirlər artan dövrdə onların hesabatlarını heç nəzərə də almırdı. Halbuki ölkədə güclü bir vətəndaş cəmiyyəti formalaşmışdı. Çox təəssüf ki, 2013-cü ildən sonra ciddi şəkildə siyasət dəyişdirildi, vətəndaş cəmiyyətinin tamamilə sıradan çıxarılması, məhv olunması yolunda addımlar atıldı. Həbslər həyata keçirildi, layihələri nəzarətdə saxlamağa çalışdılar, qeydiyyat problemi yaratdılar, ölkədən çıxışlara qadağalar oldu. Bir çox QHT-lər sıradan çıxdı. QHT-lərin sıradan çıxması ictimai nəzarətin zəifləməsi deməkdir. Əgər, prezident doğrudan da ictimai nəzarətə belə önəm verirsə, - inanmaq istəyərdik ki, önəm verir, - ictimai nəzarəti artırmaq üçün mütləq QHT qanunu yenidən dəyişdirilməlidir. Ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün ciddi şərait yaradılmalıdır. Çox gözəl kadr potensialı olan vətəndaş cəmiyyətini yenidən dirçəltmək üçün addımlar atılmalıdır. Bunlar həyata keçsə, düşünürəm ki, vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirə bilər.

Amerikanın Səsi: Bəs media?

Məmur biznesi haqqında, məmurların holdinqləri haqqında, ailə biznesi haqqında çoxlu sayda jurnalist araşdırmaları çıxıb. Bu da ictimai nəzarətin ən effektiv yollarından və qollarından biridir.

Natiq Cəfərli: Media da burada çox önəmli rol oynayır. Bu günədək dövlət başçısının qaldırdığı məsələlər barədə mediada onlarla məqalələr çıxıb. Məmur biznesi haqqında, məmurların holdinqləri haqqında, ailə biznesi haqqında çoxlu sayda jurnalist araşdırmaları çıxıb. Bu da ictimai nəzarətin ən effektiv yollarından və qollarından biridir. Amma çox təəssüf ki, bunların heç birinə reaksiya verilməyib. Əgər ictimai nəzarət bu qədər önəmlidirsə, mediada çıxan korrupsiya faktları ciddi araşdırılmalı, cinayət işinin başlanması üçün bir siqnal olmalıdır.İctimai nəzarət önəmlidirsə gələcəkdə bu sahədə dəyişikliklər olmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG