Accessibility links

Müsavat Partiyası 100 illik yubileyini qeyd edir


Müsavat Partiyası 100 illik yubileyini qeyd edir

Müsavat Partiyası 100 illik yubileyini qeyd edir

Müsavat başqanı İsa Qəmbər partiyanın 100 illik tarixini “azadlıq uğrunda mübarizə tarixi” kimi dəyərləndirib. O Müsavatın bu gün də demokratiya uğrunda mübarizəsini davam etdirdiyini və çoxsaylı üzvlərinin həbsdə olduğunu xatırladıb.

Müsavat Partiyasının qərargahında Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondunun Cənubi Qafqaz ofisinin dəstəyi ilə Birinci Azərbaycan Liberal Forumu “Müsavat Partiyası: Müstəqilliyin və azadlığın 100 ili” adlı konfrans keçirilib. Konfrans Müsavat Partiyasını yaradılmasının 100 illik yubileyinə həsr olunub. Yubiley tədbirində Almaniyanın Azərbaycandakı səfiri, Türkiyə səfirliyinin nümayəndəsi, Türkiyədən çoxsaylı siyasi partiyaların təmsilçiləri, Avropa Liberal partiyalarının nümayəndələri, Azərbaycanın siyasi partiya rəhbərləri, ictimai xadimlər, ziyalılar iştirak edir.
Forumda liberal dəyərlərin daşıyıcısı Müsavat Partiyasının 100 illik tarixi yoluna nəzər salınıb, Avropa liberal dəyərlərin hazırda ölkədə tətbiqi, insan hüquqları, fundamental azadlıqlar sahəsində vəziyyət, siyasi məhbus problemi, toplaşmaq və söz azadlığı məsələləri əsas diqqət mərkəzində olub.
“Konfransda demokratiya, hüquqi dövlət, bazar iqtisadiyyatı, regionda stabil sülh üçün şəraitin yaradılması, liberal tərəfdaşlarla regional və beynəlxalq səviyyədə əlaqə məsələləri gündəlikdədir. Bəzi çətinliklərə baxmayaraq, biz bu məsələləri ictimai səviyyədə müzakirə edib, həll yollarını tapmaqda maraqlıyıq”, - Fridrix Nauman Fondunun Mərkəzi, Cənubi, Şərqi və Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ofisinin rəhbəri Rene Klaff bildirib.
Onun fikrincə, Azərbaycan tarixinin son 100 ilində Müsavat Partiyasının mühüm rolu olub. “Müsavat Partiyası 20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda savaşa atılıb. Yəqin ki, partiyanın lideri Məmməd Əmin Rəsulzadə olmasa idi, müstəqillik başqa istiqamətdə inkişaf edərdi. Müstəqilliyin ikinci dövründə də Müsavat Partiyasının önəmli rolu olub. Bu partiya demokratiya, insanlar arasında bərabərlik, qanunun aliliyi, qonşularla yaxşı münasibət istiqamətlərində mühüm işlər aparıb. Bu isə tamamilə Avropa liberal dəyərlərinə uyğundur. Partiya çoxsaylı çətinliklərə baxmayaraq, liberal dəyərlərin daşıyıcılığından imtina etməyib. Bütün dövrlərdə fərqli fikir daşıyıcılığını daim inkişaf etdirib”, - o vurğulayıb.
Xatırladaq ki, Müsavatın 100 illik yubileyi Bakının qabaqcıl otellərindən birində keçirilməli idi. Bununla bağlı qabaqcadan otel rəhbərliyi ilə razılıq əldə olunmuşdu. Lakin bir gün öncə otelin rəhbərliyi müxalifətdə olan partiyanın yubileyinin keçirilməsi üçün qabaqcadan əldə edilmiş razılıqdan imtina edib. “Yubiley tədbiri yüksək səviyyədə keçirilir. Tədbir öncəsi çətinliklər bizi heç də təəssüfləndirmir. Çünki böyük hərəkatlar başlayanda belə xırda problemlər həmişə olub”, - Avropa Liberal Demokrat Partiyalar Birliyinin vitse-prezidenti Dik Roşe qeyd edib.

O, Avropa Liberal partiyalarının Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramını dəstəklədiyini bildirib: “Bu proqram regiona mühüm yeniliklər gətirəcək. Bir neçə gün öncə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” üzrə Varşavada zirvə sammiti oldu. Bu sammitdə imzalanmış sənəddə azadlıq və hüquqi dövlət, azadlıq və bazar iqtisadiyyatı, azadlıq və vətəndaş cəmiyyəti prinsipi əsas yer tutur. Əfsuslar olsun ki, bəzi hökumətlərin hərəkətləri öhdəliklərinə uyğun gəlmir və bu dəyərlərə əməl etmir. Belə ki, bu gün Avropa dəyərləri uğrunda mübarizə aparan Müsavat başqanının müavini Arif Hacılı, gənclər təşkilatının sədri Tural Abbaslı və digər fəallar həbsdədir”.
D.Roşe Avropa Liberal partiyalarının liberal dəyərlərin keşiyində durduğunu bildirib: “Bu gün fundamental dəyərlər olan demokratiya, qanunun aliliyi, insanların bərabərliyi, sərbəst toplaşmaq, söz azadlığı kimi dəyərlər pozulur. Liberallar olaraq biz, siyasi məhbusların olmasını qınayırıq. Müsavat Partiyası fəallarının və digər insanların siyasi məhbus olmasını çox ciddi qınayırıq. Hökumət “Şərq tərəfdaşlığı” üzrə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Biz şəkilləri divarlardan asılmış çoxsaylı siyasi məhbusları dəstəkləyirik. Burada insan hüquqlarının pozulması sahəsində baş verənlər biz liberallar üçün ağrı mənbəyidir”.

Müsavat başqanı İsa Qəmbər Müsavatın 100 illik tarixini “azadlıq uğrunda mübarizə tarixi” kimi dəyərləndirib. O, Müsavta Partiyası və onun liderlərinin ölkədə müstəqillik və suverenlik, demokratiya və azadlıqlar uğrunda apardığı mübarizəyə nəzər salıb. “Müsavat 20-ci əsrin əvvəllərində çoxpartiyalı parlament formalaşdırıb, qadınlara səsvermə hüququ verib. Müsavat regionda Qafqaz Evi ideyasını irəli sürüb. Müsavat 1991-ci ildə Əbülfəz Elçibəyin rəhbərliyi ilə ikinci dəfə Azərbaycanın müstəqilliyinə nail olub. Biz indi müstəqil Azərbaycanda yaşayırıq və bununla fəxr edirik”, - o bildirib
O, Müsavatın bu gün də demokratiya uğrunda mübarizəsini davam etdirdiyini və çoxsaylı üzvlərinin həbsdə olduğunu xatırladıb: “Onlar həbsxanada da mübarizələrini davam etdirir və biz ölkədə demokratiyanı bərqərar edib, məqsədimizə çatacağıq. İlham Əliyev demokratiya uğrunda mübarizə aparanları həbs etdirir. Amma YAP-cı kimi həbs edilən gənc həbsxanada Müsavata üzv olur”.

Müsavat başqanı Azərbaycan hakimiyyətini Avrointeqrasiya yolunu tutmağa çağırıb: “Azərbaycan paradoksal ölkədir. Müstəqil dövlət olmasına baxmayaraq, hələ də çağdaş dünyada yerini müəyyən edə bilməyib. Azərbaycan hökuməti Vaşinqton, Brüssel, Moskva və Tehran arasında oynadığı ikili rəqsdən əl çəkməlidir. Azərbaycan Avrointeqrasiyaya başlamalıdır. İlham Əliyev Varşavada demokratiyadan danışır, Azərbaycana dönən kimi demokratiya uğrunda mübarizləri həbs edir. Azərbaycan tarixində mühüm yeri olan Müsavat Partiyasına yubileyini keçirməyə yer vermir, siyasi məhbusların sayı artır, mətbuata, vəkillərə, qeyri-hökumət təşkilatlarına təzyiqlər güclənir”, - o qeyd edib.

XS
SM
MD
LG