Accessibility links

Müsavat Partiyası mayın 4-də NİDA-çılara dəstək mitinqi keçirəcək


Musavat Partiyasi

Musavat Partiyasi

Mitinqdə “Siyasi məhbuslara azadlıq!” şüarı qaldırılacaq. Həbsdə olan NİDA fəalları 12 gündür aclıq edir. Partiya jurnalistlər, - Rauf Mirqədirovun həbsini və Fərahim İlqaroğlunun fiziki zorakılığa məruz qalmasını pisləyib

Müsavat Partiyası mayın 4-də “Siyasi məhbuslara azadlıq!” şüarı ilə mitinq keçirmək barədə qərar qəbul edib.

Müsavat Partiyası mətbuat xidmətinin məlumatına görə, partiya bu qərarı aprelin 28-də keçirilən divanında qəbul edib.

Xəbərdə deyilir ki, divanın yığıncağında “NİDA” Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvünün istintaq təcridxanasında həyata keçirdikləri aclıq aksiyasının artıq 12 gündür davam etməsinə baxmayaraq Azərbaycan hakimiyyəti heç bir diqqət göstərməyib.

Partiya divanı “Siyasi məhbuslara azadlıq!” şüarı ilə mayın 4-də saat 16.00-dan 18.00-dək Bakı şəhəri Yasamal rayonundakı “Məhsul” stadionunda digər siyasi və ictimai təşkilatlarla birgə mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciətin imzalanması haqqında qərar qəbul edib.

Yığıncaqda jurnalist Rauf Mirqədirovun həbsi pislənilib və bu həbsin azad jurnalistlərə təzyiq olduğu bildirilib. Divan bu həbsdən başqa insanlara qarşı istifadə edilməsi təşəbbüslərini kütləvi repressiya cəhdi kimi qiymətləndirib.

Partiya həmçinin “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun kamera qarşısında döyülməsinə və hadisənin aydın video-görüntülərinə baxmayaraq, bu hərəkəti törədənlərin bir neçə gün ərzində tapılmamasının hüquq-mühafizə orqanlarının cinayəti ört-basdır etmək niyyəti kimi dəyərləndirib.
XS
SM
MD
LG