Accessibility links

Müsavat Partiyası seçkiqabağı vəziyyətlə bağlı hesabat yayıb


Musavat Partiyasi

Musavat Partiyasi

Müsavat Partiyası bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə dair hesabat yayıb.

Hesabatda ötən dövr ərzində ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik seçkiqabağı şəraitin mövcud olmadığı, qanunvericilik bazası yaradılmadığı vurğulanır.

Sənədə görə, cəmiyyətdəki bütün siyasi qüvvələrin bərabər hüquqlu mübarizə aparmaq imkanları təmin edilməyib, proporsional seçki sisteminin ləğvi ilə seçkilərdə partiyaların rolu daha da məhdudlaşdırılıb. Bütün seçki komissiyaları faktiki olaraq hakim siyasi qüvvənin iradəsi əsasında təşkil edilib.

Seçki kampaniyası, namizədliyin qeydə alınması və şikayətlər üzrə Mərkəzi Seçki Komissiyasında, məhkəmələrdə baxış zamanı çoxsaylı qanun pozuntularına yol verildiyi vurğulanır.

Sənəddə deyilir ki, seçkilərin azad və ədalətli keçirilməsi üçün beynəlxalq qurumların verdikləri tövsiyələr Azərbaycan hökuməti tərəfindən nəzərə alınmayıb. Buna cavab olaraq beynəlxalq qurumlar Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina edib.

Aparıcı müxalifət partiyalarının sərbəst fəaliyyətinə maneçilik törədilir, Müsavat Partiyası və s. siyasi qurumlara zorakı müdaxilə halları artıb. Vətəndaşların sərbəst toplaşmaq hüququ demək olar ki, ləğv edilib.

Müstəqil mətbuat təzyiq və təqiblərlə üzləşir, tənqidçi jurnalistlərə təqiblər davam edir. Seçki kampaniyası dövründə “Meydan TV” əməkdaşı Şirin Abbasov həbs edilib. Ölkədə siyasi məhbus problemi həll edilməyib.

Ölkədə siyasi məhbusların sayı rekord həddə çatıb, yerli və beynəlxalq qurumlar ölkədə 80-dən artıq siyasi məhbusun olduğunu müəyyən ediblər. Ölkədə fəaliyyət göstərən telekanallar iqtidarın təbliği, müxalifətin tənqidi və təhqirilə məşğuldur.

Seçki qanunvericiliyində mütərəqqiliyə doğru heç nə yoxdur, Avropa Şurası Venesiya Komissiyasının bu sahədə tövsiyələri yerinə yetirilmir.

Hesabata görə, 2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsinə sonrakı illərdə edilən əlavə və dəyişiklikləri beynəlxalq qurumlar neqativ dəyişikliklər adlandırır. Seçki kampaniyası dövrü 120 gündən 75, təbliğat kampaniyası dövrü 60 gündən 28 günə, daha sonra isə müvafiq olaraq 75 gündən 60 günə, təşviqat kampaniyası dövrü isə 28 gündən 21 günə endirilib.

Seçici siyahılarında ciddi qüsurlar var. MSK ölkədə 5,4 milyona yaxın, Statistika Komitəsi isə 6,6 milyondan çox seçici olduğunu bildirir.

Müsavat Partiyasının 70-dən artıq seçki dairəsindən deputatlığa namizəd irəli sürdüyü deyilir.

Daha sonra sənəddə ayrı-ayrı seçki dairələrindəki çoxsaylı pozuntular, namizədlərdən qanunda nəzərdə tutulmayan sənədlər istənilməsi kimi hallar olduğu vurğulanır.

Partiyanın namizədlərinə imza verən şəxslərin təzyiqlərlə üzləşdiyi qeyd edilir, partiya adından irəli sürülən namizədlərin qeydə alınmamasına diqqət çəkilir. İmzalar DSK-lar tərəfindən qəsd ilə “saxta imza” kimi etibarlılıqdan salınır. Şikayət edilməsinə baxmayaraq, MSK-nın şikayətləri təmin etmədiyi deyilir.

Rəsmi Bakı ölkədə demokratik, azad və ədalətli seçki mühiti yaradıldığını bəyan edir, qanun pozuntuları ilə bağlı tənqidləri qəbul etmir.

Mərkəzi Seçki Komissiyası və digər rəsmi qurumlar Müsavat Partiyasının bu hesabatına hələ münasibət bildirməyib.

Müsavat Patiyası isə dəfələrlə seçkidə iştirakla bağlı qərarına yenidən baxa biləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG