Accessibility links

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkilərində iştirak edən namizədlərə və siyasi partiyalara İctimai Televiziyada pulsuz efir vaxtı ayrılması üçün təsirli tədbirlər görməsini xahiş edib. Bu barədə Müsavat Patiyası mətbuat xidmətinin məlumatında deyilir.

Müsavat Partiyasının başqanı Arif Hacılının MSK-nin sədri Məzahir Pənahova ünvanladığı məktubda bildirilir ki, Müsavat Partiyası tərəfindən birmandatlı seçki dairələrindən irəli sürülən 70-dən çox namizəddən 24-ü deputatlığa namizəd kimi qeydə alınıb.

“Namizədlərimizin təbliğat və təşviqat kampaniyasının təşkili, onların platformalarını seçicilərə çatdırması üçün İctimai Televiziyada pulsuz efir vaxtının ayrılması zəruridir. Müsavat Partiyası 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə iştirakla bağlı qərar qəbul edib. İctimai diskusiyaların təşkili, bərabərhüquqlu təbliğat imkanları prinsipi baxımından da televiziyada pulsuz efir vaxtının ayrılmaması yolverilməzdir”, məktubda qeyd edilir.

"Seçki Məcəlləsi"nə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövri mətbuatda pulsuz təbliğat-təşviqat aparmaq üçün şərait yaradılır.

2015-ci il 1 noyabrda keçiriləcək parlament seçkiləri üzrə 60-dan çox seçki dairəsindən yalnız iqtidarda olan Yeni Azərbaycan Partiyasının namizədləri deputatlığa namizəd kimi qeydə alınıb. YAP isə İctimai Teleradioda seçki təşviqatından imtina edib.

İctimai Teleradio deputatlığa namizədlər üçün pullu efir vaxtının qiymətlərini çox yüksək müəyyən etdiyindən deputatlığa namizədlər bu teleradioya müraciət etmir.

Bununla yanaşı, İctimai Teleradio bundan öncəki parlament seçkilərində deputatlığa namizədlərin hər birinə 4 dəqiqəlik pulsuz efir vaxtı ayırmışdı.

XS
SM
MD
LG