Accessibility links

19 yanvarın müsəlman azərilər günü olmasını təklif edən İranın ali ruhani liderinin Ərdəbildəki nümayəndəsi Seyyid Həsən Amilidir

İran xəbər agentlikləri və qəzetləri 19 yanvarın “Dünya Müsəlman Azərilər günü” olaraq müəyyənləşməsi və bu münasibətlə Təbriz və Ərdəbil şəhərlərində tədbirlərin keçirilməsinə dair geniş xəbər və reportajlar yayıb.

İran televiziyası, Fars xəbər agentliyi, Mühəqqiq Ərdəbili universiteti, Qafqaz Mədəniyyət Mərkəzi və bir çox qəzetdə yayılan məlumata istinadən, 19 yanvarın “müsəlman azərilər günü” olaraq adlandırılması Ərdəbil şəhərinin imam-cüməsi və İranın ali ruhani liderinin Ərdəbil vilayətindəki nümayəndəsi Höccətül-İslam Seyyid Həsən Amili tərəfindən təklif edilib.

Seyyid Həsən Amili

Seyyid Həsən Amili

İran televiziyasının Ərdəbil vilayəti üçün proqram yayan Səbəlan kanalı həmin münasibətlə bağll Amilinin çıxışını yayımlayıb.

Qafqaz Mədəniyyət Mərkəzinin yayımladığı videoya görə, Seyyid Həsən Amili “müsəlman azərilər günü”nün tarixi, eləcə də belə bir münasibətin müəyyənləşməsi ilə izlənilən hədəfləri açıqlayır:

“Yanvarın 19-nu heç vaxt yaddan çıxarmayacayıq. Dünya azərilərinin günü yanvarın 19-dur. O zaman ki 70 il sıxıntıdan sonra ki kommunistlər işlədi azərilərin üstündə, 25 il bundan qabaq azərbaycanlılar gəldilər sərhədlərə, La İlahə İllallah deyə-deyə, təkbir deyə-deyə, məçidə qaçır, Quranı götürür öpür, İmam Hüseynin bayrağını götürür, sabit elədilər ki nə tarixi vətənini yadından çıxarmalıdır, nə də əsl kimliyi ki dini kimliyidir yadından çıxarmalıdır...”

Ərdəbildə cümə namazı xütbələrini təsvir edən videoda Həsən Amili həmçinin “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə işarə edir:

“Karıxmasınlar sonradan gələnlər, necə kommunistlər karıxdılar. Onlar gedən yolu getməsinlər, bunların dini kimliyi heç vaxt əvəz olmaz... İstəyirlər bu hadisəni təhrif etsinlər, həm zamanını həm də möhtəvasını. Zamanın aparıbdır dekabrın 31-ə, yox dekabrın 31-də heç nə olmayıbdır, Christmas bayramıdır, dedilər 19 yanvarda bir şey olmaz, aparaq 31-inə camaatı yığa bilək. Yox! [Camaat] din olsa yığılarlar...”

Mühəqqiq Ərdəbili universitetində keçirilən tədbir

Mühəqqiq Ərdəbili universitetində keçirilən tədbir

Bu barədə media, habelə İranda fəaliyyət göstərən Qafqaz Mədəniyyət Mərkəzi tərəfindən yayılan reportajlarda Azərbaycanda türk kimliyinin mövcud olması rədd edilir.

“Azərinin əsli iranlıdır və türklükdən ayrıdır. Bu hərəkət Azəri etnik kimliyini gücləndirə bilər. Azərilərin türk olmadığını isbatlayaraq Türkiyənin iddialarını çürüdə bilərik,” deyə Urmiyə Azad Universitetinin rektoru Əziz Cavanpur 19 yanvarın “Müsəlman Azərilər Günü” olaraq müəyyənləşməsinin müsbət və önəmli addım olduğunu qeyd edib.

Mühəqqiq Ərdəbili universitetində keçirilən tədbirdə isə sosial elmlər fakültəsinin dekanı Hüseyn Novin Pantürkist təhlükəsindən danışıb.

Onun sözlərinə görə, “Pantürkistlər müsəlman azərilərin birləşməsini istəmir... İslamın genişlənməsində İranın lider ölkə olduğu kimsəyə gizli deyil. Hökümətlər və qruplar bunu önləmək istəyirlər. O cümlədən, pantürkist qruplar türk-fars məsələsini ortaya çıxarmaqla xalqı başqa yollara yönləndirməyə çalışırlar.”

XS
SM
MD
LG