Accessibility links

Şirin İbadi və 6 beynəlxalq təşkilat Musəvi ilə Kərrubini azadlığa buraxmağa çağırıb


Şirin İbadi

Şirin İbadi

İran hakimiyyəti Musəvi və Kərrubini buraxmaqla yanaşı onların ailə üzvlərinə təzyiqi də dayandırmalıdır

Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi bəyanat yayaraq İran müxalifətinin iki ildir ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib.

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, İran hakimiyyəti Musəvi və Kərrubini buraxmaqla yanaşı onların ailə üzvlərinə təzyiqi də dayandırmalıdır:

“İran rəsmiləri əllərində hər hansı bir qanuni və hüquqi əsas olmadan iki ildir ki, bu müxalifləri ibtidai hüquqlarından məhrum edib. Onların özbaşına həbsinə son qoyulmalıdır.

Musəvi və Kərrubinin hansısa bir cinayət törətdiyi haqda tutarlı bir sənəd olsaydı, İran rəhbərləri çoxdan bunu üzə çıxartmış olardı. Hakimiyyətin bu iki ildə müxalif liderlərin günahkar olması ilə bağlı hər hansı bir sənəd ortaya qoymaması onu göstərir ki, onların əlində Musəvi və Kərrubiyə qarşı hər hansı bir dəlil-sübut yoxdur. Bu isə müxalif liderlərin yalnız siyasi motivlərlə ev dustaqlığında saxlandığını sübuta yetirir”.

Şirin İbadinin bəyanatını insan hüquqları uğrunda fəaliyyət göstərən 6 beynəlxalq təşkilat imzalayıb: “Amnesti İnterneşnl”, “Human Rayts Votç”, “Sərhədsiz reportyorlar”, İranda İnsan Hüquqları üzrə Beynəlxalq Kampaniya, İnsan Hüquqları Cəmiyyətləri Beynəlxalq Federasiyası və İranda İnsan Hüquqlarını Müdafiə Birliyi.
XS
SM
MD
LG