Accessibility links

Xanım Aştiyanin keçmiş vəkili İranda insan hüquqlarının vəziyyəti barədə dünya liderlərinə müraciət edib

  • Insafəli Hidayət

Xanım Aştiyanin keçmiş vəkili İranda insan hüquqlarının vəziyyəti barədə dünya liderlərinə müraciət edib

Xanım Aştiyanin keçmiş vəkili İranda insan hüquqlarının vəziyyəti barədə dünya liderlərinə müraciət edib

Məhəmməd Mustafayi müraciətində İran İslam Respublikasının qadın və uşaqların hüquqlarına, ümumiyyətlə insan hüquqlarına hörmət etmədiyini, vətəndaş hüquqları, ictimai və iqtisadi hüquqlar, uşaqların hüquqları barədə qol çəkdiyi beynəlxalq konvensiyalara əməl etmədiyini, islam dinin İranlıların hüquqlarını taptalayan versiyasını tətbiq etdiyini irəli sürüb.

İranda həbs olunma təhlükəsi ilə üz-üzə olduğuna görə ölkəni gizli olaraq tərk edən vəkil Məhəmməd Mustafayi dünya liderlərini İranda insan hüquqlarının vəziyyətinə diqqət yetirməyə çağırıb. Məhəmməd Mustafayi “Amerikanın səsi” Azərbaycan redaksiyasına verdiyi müsahibədə müraciətinin məqsədinin İrandakı ədalətsizliyin dayandırılması olduğunu deyib.

O bu müraciəti BMT Baş Məclisinin açılış sesiyası və İran prezidenti Mahmud Əhmədinəjadın başqa ölkələri insan hüquqlarının taptalanmasında ittiham etməsi və İranın ədalətli ölkə olması barədə çıxışlarına görə edib. İranlı vəkil İranda insan hüquqlarının vəziyyəti barədə belə bir müraciətin onun borcu olduğunu söyləyib.

Təbrizli Səkinə Məhəmmədi Aştiyaninin daşqalaq hökmünə beynəlxalq səviyyədə diqqət cəlb olunmasında rolu olduğu irəli sürülən və eyni zamanda xanım Aştiyaninin keçmiş vəkili olan Cənab Mustafayi müvəkkilinin daşqalaq cəzasının icrasının beynəlxalq təzyiqlər nəticəsində dayandırılmasından sonra sorğu-sual edilib və ona qarşı Xanım Aştianinin işi ilə əlaqədar olmayan ittihamlar irəli sürülüb. Bu ittihamların siyahısına dələduzluq da daxildir. Məhəmməd Mustafayi həbs olunmaq təhlükəsi qarşısında İrandan Türkiyəyə qaçıb. Daha sonra isə pasportunda Norveç vizası olduğuna görə Norveç hökuməti onu ölkəyə qəbul edib. O hazırda Norveçdə yaşayır. Həyat yoldaşı və qızı bu yaxınlarda Norveçə onun yanına gediblər.

Cənab Mustafayi İranda az yaşlıların edam olunmasının qarşısının alınması sahəsində də fəal olub və bəzi cavanların edam cəzalarının dəyişdirilməsinə nail ola bilib.

Məhəmməd Mustafayi müraciətində İran İslam Respublikasının qadın və uşaqların hüquqlarına, ümumiyyətlə insan hüquqlarına hörmət etmədiyini, vətəndaş hüquqları, ictimai və iqtisadi hüquqlar, uşaqların hüquqları barədə qol çəkdiyi beynəlxalq konvensiyalara əməl etmədiyini, islam dinin İranlıların hüquqlarını taptalayan versiyasını tətbiq etdiyini irəli sürüb.

O İran İslam İnqilabından bəri hakimiyəti əlində saxlayanların ədalət, bitərəflik, vicdan və əxlaq qaydalarına riayət etməyərək ölkəni öz şəxsi ideyaları əsasında idarə etdiklərini, səksəninci və doxsanıncı illərdə siyasi müxaliflərdən minlərlə adamın əsassız şəkildə qətlə yetirildiyini yazıb, belə qətliamları sübuta yetirən dəlillərin, sənədlərin mövcud olduğunu bildirib.

Hüquq müdafiəçisi, vəkil BMT Baş Məclisinin sessiyasının başlaması münasibəti ilə dünya liderlərinə müraciətində İranda edam cəzasından tez-tez siyasi məqsədlərlə istifadə olunduğunu, hökumətin bu cəza üsulundan hakimiyyəti əlində saxalamaq üçün istifadə etdiyini, belə cəzalar barədə hökmlərin oxunması və yerinə yetirilməsində ölkənin öz parlamentində qəbul olunmuş qaydaların pozulduğunu qeyd edib. O İranın az yaşlıların edamına imkan verən nadir ölkələrdən biri olduğunu, hər il çoxlu az yaşlının İran qanunlarının qurbanı kimi edam edildiklərini, bəzən onların vəkil tutmasına imkan verilmədiyini xatırladıb. Məhəmməd Mustafayi belə 40 azyaşlını müdafiə etdiyini və onlardan 18-ni edam cəzasından xilas etdiyini 4 azyaşlı müvəkkilinin isə edam olunduğunu yazıb. Xatırladaq ki, Cənab Mustafayi azyaşlıların mariflənməsi və müdafiəsi üçün yaranmış təşkilatdan pul oğurlamaqda ittiham olunur. O “Amerikanın səsi”nə verdiyi əvvəlki müsahibəsində bu ittihamları rədd edərək deyib ki, çoxlu azyaşlı və başqa yoxsul insanları öz hesabına müdafiə edib, onların müdafiə xərcini öz boynuna götürüb.

Cənab Mustafayi İranda daşqalaq etmə, şallax, gözlərin kor edilməsi, insanların əlinin, ayağının, dilinin kəsilməsi kimi qeyri-insani cəza üsullarından istifadə olunduğunu qeyd edib.

Hüquq müdafiəçisi, vəkil “Amerikanın səsi”nə verdiyi müsahibədə İranda etnik qrupların hüquqlarının taptalanmasını da bildirib.

XS
SM
MD
LG