Accessibility links

Müxalifət etiraz aksiyası keçirib (VİDEO/AUDİO)


Aksiyada yüzlərlə insan iştirak edib

Mayın 21-də yüzlərlə müxalifət fəalı Bakının mərkəzində etiraz aksiyası keçirib. İctimai Palatanın fəalları “Demokratiya!”, “Azadlıq!”, “İstefa!”, “Korrupsiyaya yox!” şüarları səsləndirib.

Fəallar öncə “Xəqani” Ticarət Mərkəzinin qarşısındakı bağda toplaşıb. Sonra “Fəvvarələr” meydanında şüarlarını səsləndirərək dövrə vurub. Daha sonra, “Sabir” bağında Çevik Polis Alayı etirazçıların qarşısını kəsib və burada qarşıdurma olub. Onlarla müxalifətçi saxlanıb.

Müxalifətçilər bununla da kifayətlənməyib. Onlar “Azərbaycan” kinoteatrının qarşısından Milli Parka doğru yürüş edib. Nəhayət, Neftçilər prospektində, Kukla teatrı ilə üzbəüz parkda yenidən Çevik Polis Alayı ilə qarşıdurma yaşanıb. Müxalifətçilər burada da saxlanıb. Qarşıdurma zamanı bir neçə müxalifətçi özünü pis hiss edərək yıxılıb, təcili yardım çağırılıb.

Etirazçılar Amerikanın Səsi radiosuna müsahiblərində hökumətin istefa verməsini, korrupsiyaya qarşı kəskin mübarizənin aparılmasını, hakim ailənin gəlirlərinin mənbələri barədə xalqa hesabat verməsini, maaşların, pensiyaların artırılmasını, nəhayətdə demokratik azadlıqlar tələb edib.

Aksiyanı Euroviziya çərçivəsində Azərbaycana gəlmiş çoxsaylı xarici jurnalist və beynəlxalq təşkilatların nümayəndələri də izləyib.

Amnesty İnternational hüquq müdafiə təşkilatının aksiyanı monitorinq edən nümayəndəsi Georgi Qoqia Amerikanın Səsi radiosuna bildirib ki, Azərbaycan hökuməti vətəndaşların toplaşmaq hüququnu pozur. “Vətəndaşların toplaşmaq hüququ Eurovizion mahnı müsabiqəsi dövründə də pozulur, hansı ki, bu müsabiqənin təşkilatçısının fəaliyyətinin əsasını söz və toplaşmaq azadlığı təşkil edir. Təəssüf ki, bu hüquqlar bu gün bizlərin gözü qarşısında pozulur. Polis dinc nümayişçiləri dağıtmaq üçün gücdən istifadə edir”, - deyə o qeyd edib.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov ilkin məlumatlara əsaslanaraq əllidən çox fəalın saxlandığını bildirib.

Öz növbəsində, polis saxlananlar barədə rəsmi məlumat yaymayıb.

XS
SM
MD
LG